CƏMİYYƏT
Polis idmançılarımızın yarış təcrübələri ildən-ilə artır
Bakı, 4 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində qol güləşi (armrestlinq) və ağırlıq daşlarının qaldırılması üzrə güc çoxnövçülüyü yаrışı keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində çıxış edən İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ölkəmizdə bu idman növündə daxili işlər orqanları əməkdaşları arasında yarışların müntəzəm keçirildiyini, onların asudə vaxtlarında bu idman növü ilə məşğul olduqlarını, əməkdaşların hazırlıq səviyyəsinin daha yüksək nəticələrə ümid etməyə əsas verdiyini, polis idmançılarımızın ildən-ilə yarış təcrübələrinin artdığını diqqətə çatdırıb.
Qeyd edilib ki, əsasən dənizçilər arasında yaranan qol güləşi (armrestlinq) idman növü kimi 100 ilə yaxındır ki tanınır. İdman daşlarının qaldırılması hərəkəti də vaxtı ilə dövrlərinin ən güclüləri hesab olunan pəhləvanlardan miras qalıb. Güc, dözüm və çevikliyi müəyyənləşdirən bu idman növü indi də orduda, xüsusi təyinatlılar və dənizçilər arasında ən sevilən yarışmadır.
Fiziki gücü yoxlamağın ən asan və sadə üsulu kimi tanınan bu idman növündə polislərimiz əvvəlcə nümunəvi çıxışlar göstəriblər.
DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 11 komandadan 100-dək idmançı qələbə uğrunda mübarizə aparıb.
Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib.
Komanda birinciliyində ilk üçlükdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Əlahiddə Çevik Polis Alayının və DİN Daxili Qoşunlarının Baş İdarəsinin əməkdaşları qərarlaşıblar.
Yarışı idman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov idarə edib.
Sonda qaliblərə medallar və diplomlar təqdim olunub.