RƏSMİ XRONİKA
POLŞA PREZİDENTİNİN SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 26-da Polşa Respublikası Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Üzərində Azərbaycanın və Polşanın dövlət bayraqları dalğalanan sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı sarayın önündə Polşa Respublikasının Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski böyük hörmətlə və mehribanlıqla qarşıladılar.
Polşa Prezidenti Lex Kaçinski ölkəsinin dövlət və hökumət rəsmilərini Azərbaycan Prezidenti İlham Əliyevə, dövlətimizin başçısı ölkəmizin rəsmi nümayəndə heyətinin üzvlərini Polşa rəhbərinə təqdim etdi.
Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev əsgərləri salamladı.
Dövlət başçıları xatirə şəkli çəkdirdilər.
Sonra prezidentlər xarici ölkələrin Polşada akkreditə olunmuş səfirliklərinin rəhbərləri və nümayəndələri ilə görüşdülər.
Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.
X X X
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Polşa Prezidentinin sarayında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski arasında görüş oldu.
Görüşdə qarşılıqlı hədiyyələr təqdim edildi.
######