MƏDƏNİYYƏT
Portuqaliya musiqiçiləri Muğam Mərkəzində çıxış edəcək
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Portuqaliyanın “Daniel Pereira Trio” musiqi qrupunun konserti olacaq.
AZƏRTAC xəbər verir ki, “Səs dalğaları-etno-konsert” layihəsi çərçivəsində baş tutacaq konsertdə qrup Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcək. Ötən ilin yazında bu tip konsertlər İspaniya, Yunanıstan, İtaliya kimi Aralıq dənizi sahili ölkələrində, həmçinin iki həftə əvvəl İsraildə təşkil olunub. İndi isə Portuqaliyanın musiqiçiləri konsert proqramı ilə çıxış edəcəklər.
Daniel Pereira Kristo Şimal-qərbi Portuqaliyanın qədim musiqi alətlərinin potensiallarını araşdıran bir musiqiçidir. Öz musiqisi üçün o, “Kavakinyo”, “Braqa Violası”, “Mandolina” kimi qədimi simli musiqi alətlərindən istifadə edir. Mahnılarında o, Portuqaliyanın şifahi xalq adət-ənənələrini tərənnüm edir, eyni zamanda onun instrumental əsərləri də bu xüsusi səslərin mədəniyyət nöqteyi-nəzərdən əhəmiyyətini mükəmməl şəkildə göstərir.
Bakıdakı konsertində Daniel Pereiranı Andre No (zərb alətləri) və Helder Kosta (Braga skripkası və gitara) müşayiət edəcək.
Qeyd edək ki, bu il Portuqaliya nümayəndəliyi yerli sponsorlarla birgə artıq bir neçə dəfədir bu ölkənin mədəniyyətini Bakıya gətirir. Apreldə Portuqaliya rəssamlarının əsərləri Müasir İncəsənət Muzeyində “I Wanna be Adored” adlı sərgidə nümayiş etdirilib. Sentyabrda “Fad Nu” qrupu üç gün ərzində Landmarkda Portuqaliyanın xalq musiqisi olan fado konserti ilə çıxış edib.