RƏSMİ XRONİKA
PREZİDENT İLHAM ƏLİYEV TƏZƏPİR MƏSCİDİNDƏ APARILAN YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Təzəpir məscidində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Paytaxtımızın memarlıq simasında özünəməxsus yeri olan Təzəpir məscidində Prezident İlham Əliyevin tapşırığı ilə aparılan əsaslı təmir və yenidənqurma işlərinin yarıdan çoxu görülmüşdür. Məscidin yanında yeni kompleks də tikilir. Kompleksə Qafqaz Müsəlmanları İdarəsinin və İslam Universitetinin inzibati binaları, xaricdən gələn ziyarətçilər üçün qonaq evi, geniş konfrans salonu daxildir. Burada qurbangah, yardımçı otaqlar da tikilmişdir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, kompleksin tikintisində milli memarlıq üslubuna xüsusi diqqət yetirilir. Kompleksin elektrik, istilik və su təchizatı sisteminin quraşdırılması da son mərhələyə daxil olur.
Məscidin özündə isə daxili tərtibat işlərinə başlanmışdır. Bu incə və böyük ustalıq tələb edən işə tanınmış rəssam-bərpaçılar cəlb olunmuşdur. İnteryerdə istifadə olunan rənglər, xüsusilə qızılı rəng xaricdən gətirilmişdir. Təzəpir məscidinin bərpası və genişləndirilməsi dövlətimizin başçısının tariximizin keçmişinə, mənəvi və dini dəyərlərimizə göstərdiyi diqqət və qayğının daha bir əyani nümunəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə məlumat verdi ki, məscid yenidən qurularkən onun memarlıq üslubu qorunub saxlanılmışdır.
Bildirildi ki, ümumi sahəsi 7600 kvadratmetr olan kompleksin 6 min kvadratmetrində yenidənqurma işləri aparılır. Məscidin fasadı xüsusi özəlliyi ilə seçilən naxışlarla bəzədilmişdir. Oyma naxışlar girişdə daha çoxdur. Burada memarlıq elementləri üstünlük təşkil edir.
Daha sonra məscidin interyeri ilə tanış olan Prezident İlham Əliyevə burada görülən işlər barədə də məlumat verildi. Günbəzdəki naxışlar diqqəti daha çox cəlb etdi. Quran ayələrinin yazılmasında müxtəlif rəng çalarlarından istifadə edilmişdir. Dövlətimizin başçısı şəbəkədən hazırlanmış pəncərələrə də xüsusi diqqət yetirdi.
Prezident İlham Əliyev kompleksə daxil olan binaları gəzdi. Dövlətimizin başçısına məlumat verildi ki, inzibati binalarda işçilərin fəaliyyəti üçün bütün şərait yaradılacaqdır.
Daha sonra Prezident İlham Əliyev kompleksə daxil olan binanın üst qatından ərazini seyr etdi. Məlumat verildi ki, məscidin günbəzinə qızıl təbəqə çəkilmişdir. Ümumiyyətlə isə, məsciddə 320 kvadratmetr sahə qızıl təbəqə ilə işlənmişdir.
Dövlətimizin başçısı konfrans, ehsan salonları ilə də tanış oldu, məscidin ətrafında abadlıq işlərinin aparılması ilə bağlı tapşırıqlarını verdi.
Bildirildi ki, dini ayinlər zamanı insanların təhlükəsizliyinin təmin olunması məqsədi ilə yenidənqurma işləri başa çatdıqdan sonra Tolstoy küçəsinin məscidin yanından keçən hissəsi avtomobillərin hərəkəti üçün bağlanacaqdır.
Prezident İlham Əliyev burada işlərin gedişindən razılığını bildirdi və keyfiyyət məsələlərinə bundan sonra da xüsusi diqqət yetirməyi tövsiyə etdi.