ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunan dəyirmi masa
Bakı, 8 may, AZƏRTAC
Qafqazşünaslıq İnstitutu Qadınlar Təşkilatının təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Qadınlar Təşkilatının sədri Günel Musayeva pandemiya və postmüharibə dövründə ailələrin mövcud vəziyyətindən danışıb. Qeyd edib ki, dövlətimizdə ailə institutunun qorunması və inkişafı prioritet məsələlərdən biridir. Buna görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. O, pandemiya və postmüharibə dövründə problemlərin həll edilməsi istiqamətində dövlət və vətəndaş həmrəyliyinin vacibliyini vurğulayıb.
İnstitutun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova “Ailədaxili münaqişələrin uşaqlarda yaratdığı psixoloji problemlər”, Yeganə Baxşıyeva “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin sağlam təməllərinin əsasıdır”, Fərahilə Babayeva “Erməni terroru qurbanı olmuş Azərbaycan ailələri”, Nigar Mustafayeva “Ölkəmizin tərəqqisində ailə rifahının rolu” mövzularında məruzə ediblər.