Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qalibiyyət formulu: Dahi sərkərdə, dəmir yumruq, əzmkar xalq

Vətən müharibəsinin və bərpa dövrünün mənəvi-psixoloji aspektləri barədə bəzi düşüncələr

Bakı, 5 noyabr, AZƏRTAC

Ötən ilin günəşli bir payız günü “ya Qarabağ, ya ölüm” deyib çətin bir yola çıxdıq. O yolda qanlar töküldü, qurbanlar verildi. Amma Azərbaycan əsgəri dayanmadı, bütün sədləri, istehkamları yarıb keçdi, 44 günlük Zəfər yürüşündə bir an da tərəddüd etmədən yalnız irəli getdi, düşməni məhv edib Vətən torpağından qovdu.

Bu, müasir hərb tarixində bənzəri olmayan ildırım sürətli bir müharibə idi. Düşmən çaşıb qalmışdı, dünya heyrətə gəlmişdi: bu güc, bu qətiyyət haradandır? Müharibə qurtarar-qurtarmaz, Qarabağın bərpasına başlanıldı. Yenə eyni sürət, eyni qətiyyət. Dünya yenə heyrət içindədir. Cəmi bir il əvvəl qızğın döyüşlərin getdiyi bu yerlərdə asfalt yollar çəkilib, beynəlxalq aeroport tikilib, “ağıllı kənd”lər salınır. Qarabağda işığımız yanmağa başlayır. Qarabağımıza həyat qayıdır. Hamısını saysaq uzun bir siyahı alınar. 44 günlük Vətən müharibəsi kimi, bu birillik bərpa dövrü də fenomendir. Azərbaycanın iqtisadi potensialını, qüdrətini, xalqımızın qurub-yaratmaq əzminin göstəricisidir.

Bütün bunlar haqqında çox deyilib, çox yazılıb. Biz jurnalistlər həm müharibə, həm də bərpa dövrünün salnaməsini yazmışıq və yazırıq: günbəgün, saatbasaat. Bu dəfə isə məqsədim Vətən müharibəsi, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə bağlı bəzi düşüncələrimi bölüşməkdir.

Qarabağ düyününü kəsən qılınc

Qarabağa çox möhkəm, açılmaz düyün vurulmuşdu. Bu, mənə tarixdə çox məşhur olan Qordi düyününü xatırladır. Heç kimin açmağı bacarmadığı bu düyünü Makedoniyalı İsgəndər qılıncı ilə açmışdı. Qarabağ probleminə gəlincə, ilk düyün təxminən 200 il əvvəl Azərbaycanın bu dilbər guşəsinə ermənilərin məqsədli şəkildə köçürülməsi ilə vurulmuşdu. Sonra sovet hökuməti “Dağlıq Qarabağ Muxtar Vilayəti” deyilən qondarma ərazi vahidi yaratdı. Təbii ki, yenə düşünülmüş surətdə. Sonra erməni şovinistlərinin və havadarlarının fitvası ilə bölgədə separatçılıq hərəkatı baş qaldırdı. Çox keçmədən ərazilərimizin 20 faizi işğal olundu, bir milyona yaxın soydaşımız doğma yurd-yuvasından didərgin salındı. BMT kimi nəhəng təşkilatın qətnamələri, Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün daxil olduğu Minsk qrupu da bu düyünü çözə bilmədi, çözmək istəmədi. Az qala 30 il sürən nəticəsiz danışıqlar prosesi, söz olaraq qalan bəyanatlar, boş və aldadıcı vədlər - beləcə, Qarabağ düyünü açılmaz hala gətirilir, yollar dalana dirənirdi.

Bu da azmış kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyi Qarabağda minbir oyundan çıxır, Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdi. Bəs münaqişənin həllinə vasitəçilik edənlər bizə nə deyirdilər: “Məsələnin həllinin sülh yolundan başqa variantı yoxdur”.

Əslində, ulu öndərimiz Heydər Əliyev də, Prezidentimiz İlham Əliyev də müharibə istəmirdi. İstəmirdilər ki, qan tökülsün, evlərə şəhid cənazələri gəlsin. Amma necə deyərlər, bıçaq sümüyə dirənmişdi. Səbri tükənən xalq, əli tətikdə olan ordu Ali Baş Komandandan hücum əmri gözləyirdi. Nəhayət çoxdan gözlənilən bu an yetişdi.

Beləliklə, iki əsrlik bir dövrdə - ermənilərin Qarabağa köçürülməsindən başlayaraq üst-üstə vurulmuş düyünlər 44 gündə kəsilib atıldı. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan dörd qətnaməsini Azərbaycan özü təkbaşına yerinə yetirərək ərazi bütövlüyünü təmin etdi.

Təbii ki, müharibələrin taleyini təkcə silah həll etmir. Hərçənd ordumuz ən müasir silahlarla silahlanmışdı. Türkiyə PUA-ları düşmənin başına od ələyirdi. “Bayraktar”ın yaxınlaşdığını hiss edən erməni əsgərləri gizlənməyə sıçan deşiyi axtarırdılar. Bununla belə, bayrağımızı azad olunmuş şəhər və kəndlərimizdə gənc qəhrəman hərbçilərimiz ucaldırdılar. O gənclər ki, bu torpaqları heç vaxt görməmişdilər, o gənclər ki, Qarabağdan analarının qucağında çıxmışdılar...

Makedoniyalı İsgəndərin Qordi düyününü qılıncı ilə açması eramızdan əvvələ aid bir əfsanədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə xalqımızın, rəşadətli Ordumuzun Qarabağ düyününü açması XXI əsrin, yaşadığımız günlərin reallığıdır.

Bu, təkcə silahların deyil, sərkərdə müdrikliyinin, dəmir iradənin, özünəinamın və xalqla Prezidentin birliyinin gücüdür. Xatırlayırsınızmı, Prezidentimiz müharibənin ilk günündən son gününədək nə deyirdi: “Bizi heç kim dayandıra bilməz, biz sonadək gedəcəyik”. Belə də oldu.

Bütün məqamları - müasir silahı, cəsur əsgəri, döyüş və vətənpərvərlik ruhu, xalqın qələbə əzmi və digər mənəvi-psixoloji aspektləri ilə götürüldükdə Vətən müharibəsi tarixi bir fenomendir.

Vətən müharibəsi fenomeni

Müharibə bütün hallarda riskdir. Müharibə dəqiq hesablamalar, yüksək hərbi, mənəvi-psixoloji hazırlıq, milli iradə, vətənpərvərlik ruhu tələb edir. Müharibədə qalibiyyəti təmin edən digər mühüm amil Sərkərdənin məharəti, ordunun, xalqın ona olan inamı, etimadıdır. Nəyi nə vaxt, necə etmək? Haradan başlayıb, haraya getmək? Həm müharibədən əvvəl, həm də müharibənin gedişində qarşıya çoxlu suallar çıxır. Sərkərdə, eyni zamanda, döyüş meydanındakı əsgərini düşünür, ilk növbədə, çalışır ki, itkilər mümkün qədər az olsun.

Azərbaycan istər hərbi-siyasi, istərsə də mənəvi-psixoloji nöqteyi-nəzərdən XXI əsrin müharibəsini apardı, dünya hərb tarixinə yeni bir səhifə yazdı. Bu, bizim gözlərimiz önündə yaşanan və yazılan bir tarixdir.

Ali Baş Komandan yeri gəldikcə döyüş əməliyyatlarının bəzi detallarını açıqlayır. Bildiklərimiz də var, bilmədiklərimiz də. Bunları şərh etməyi hərbçilərin, mütəxəssislərin öhdəsinə buraxıb müharibə günlərindəki mənəvi-psixoloji duruma nəzər salaq. Bu mənzərəni bir neçə cümlə ilə belə ifadə etmək olar: öz Liderinin ətrafında yumruq kimi birləşmiş xalq, ordunun yüksək döyüş əzmi, qələbəyə sonsuz inam hissi. Bu, əslində, xalqın kütləvi qəhrəmanlığı idi. Ehtiyatda olan zabit və əsgərlər çağırış vərəqəsi gözləmədən səfərbərlik məntəqələrinə gəlir, cəbhəyə göndərilmələrində israr edirdilər. Övladlarının şəhid olması xəbərini alan ana başını dik tutaraq deyirdi: Təki Vətən yaşasın. Ölümün üzərinə göz qırpmadan yeriyən, dağlar aşaraq sıldırım qayalara dırmaşan, dərin dərələrdən keçərək düşmənə gözləmədiyi yerdən zərbə endirən, yarası tam sağalmamış döyüşə atılan igid əsgərlər... Bu səhnələri indiyədək yalnız döyüş filmlərində görmüşdük, dastanlarda oxumuşduq. Film ssenaristin, rejissor təxəyyülünün məhsuludur. Dildən-dilə keçərək günümüzə gəlib çatan qədim dastanların həqiqətə nə dərəcədə uyğun olduğunu bilmirik. Ordumuz, əsgərimiz haqqında deyilənlər, yazılanlar isə onların göstərdiyi şücaətin bəlkə də heç ondabiri deyil. Bu, zaman-zaman açıqlanaraq üzə çıxacaq. Amma şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı indinin özündə belə dillərdə gəzir, dastanlaşır.

Məhz bu qəhrəmanlarımız dəqiq planlaşdırılmış əməliyyat nəticəsində düşmənin təxminən 30 il ərzində qurub möhkəmləndirdiyi birinci müdafiə xəttini müharibənin ilk günlərində yardılar. Bu, dərin xəndəklər, tank əleyhinə maneələr, tikanlı məftillər və başdan-başa minalanmış sahədən ibarət müdafiə xətti idi. Üstəlik, ərazinin relyefi düşmən tərəf üçün nə qədər əlverişli idisə, əks-hücuma keçən tərəf üçün bir o qədər çətinlik törədirdi. Buna baxmayaraq, döyüşlərin ilk günü Murovdağ yüksəkliyi və daha bir neçə mühüm yüksəkliklər, eləcə də dörd kəndimiz azad olundu. Düşmənə endirilən bu sarsıdıcı zərbə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi, düşmənin gözünü qorxutdu, ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi yaratdı, mənəvi-psixoloji baxımdan müstəsna rol oynadı.

Beləcə, cəbhədən bir-birinin ardınca xoş xəbərlər gəlməyə başladı. Cəmi bir ay ərzində böyük yaşayış məntəqələri - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, eləcə də Xudafərin körpüsü və yüzlərlə kənd işğaldan azad edildi. Bu barədə söhbəti uzatmaq istəmirəm. Müasir informasiya texnologiyaları yaddaşı anında təzələməyə imkan verir. Bunun üçün AZƏRTAC-ın saytındakı “Vətən müharibəsinin xronikası” rubrikasına nəzər yetirmək kifayətdir.

Adətən müharibədə hücum edən tərəfin itkiləri daha çox olur. Çünki qarşı tərəf istehkamlar qurur, qüvvələrini döyüş üçün əlverişli mövqelərdə yerləşdirir. Şir kimi vuruşan Azərbaycan əsgəri 44 günlük müharibənin gedişində bir addım da geri çəkilmədi, daim irəli getdi. İşğalçı ordunun itkiləri bizə nisbətdə 2-3 qat çox oldu. Vətən müharibəsinin bir fenomeni də budur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibənin bütün 44 günü ərzində üç cəbhədə savaşırdı: həm döyüş əməliyyatlarına rəhbərlik edir, həm siyasi-diplomatik müstəvidə, həm də informasiya meydanında mübarizə aparırdı.

Üç cəbhədə savaş

Hər bir sərkərdənin məharəti və bacarığı, eləcə də xarakteri təbii olaraq müharibə zamanı üzə çıxır. Qələbənin şərtlərindən biri diplomatik müstəvidə gedən savaşda dəqiq zərbələr endirmək bacarığıdır. Hərbi əməliyyatların elə ilk günündən biz qələbə sevinci daddıq. Vətən müharibəsinin xronikası Azərbaycan Liderinin həm döyüş meydanında, həm də siyasi arenada müdrik, qətiyyətli, ardıcıl, bir-birini tamamlayan gedişlərlə zəngin uğurlu savaş hekayəsi təsiri bağışlayır. Müharibə günlərində təfərrüatlar, əməliyyat planları, taktiki gedişlər, döyüş manevrləri açıqlanmırdı. Bunlar hərbi sirdir. Bununla belə, müharibənin ilk günündən son saatlarınadək cəbhədə ard-arda qazanılan qələbələr, düşmən ordusuna vurulan sarsıdıcı zərbələr barədə məlumatlar güclü sərkərdənin məharətindən, dəmir iradədən və dəmir yumruqdan xəbər verirdi.

Müharibə zamanı Ali Baş Komandan xüsusilə diqqət mərkəzində olur. İlham Əliyev hər dəfə televiziya ekranında görünəndə biz hamılıqla onun hər bir sözünə, danışıq tonuna, əl hərəkətlərinə, hətta üzünün ifadəsinə diqqət kəsilərdik. Ali Baş Komandanımızın sakit, təmkinli, eyni zamanda, inamlı olduğunu görürdük. Bu inam döyüşən orduya, bütövlükdə cəmiyyətə də sirayət edirdi.

Düşmən tərəfin dezinformasiyaları, cəbhədəki durumu təhrif etməsi, “əl-qol” atması fonunda Azərbaycan Liderinin müstəsna dərəcədə ləyaqətli, təmkinli və inamlı davranışı təkcə bizim deyil, xarici hərbi ekspertlərin də diqqətindən yayınmırdı.

“Nasionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun müvafiq sualına Prezidentimizin cavabını xatırlatmaq yerinə düşərdi: “Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır. Hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam”.

Zənnimcə, Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi sərkərdəlik bacarığı, qətiyyəti, ortaya qoyduğu iradə barədə çox danışmağa ehtiyac yoxdur. Qarabağ Zəfəri - 44 gündə 5 böyük şəhərin, 4 qəsəbənin və 286 kəndin işğaldan azad edilməsi faktı özlüyündə hər şeyi deyir.

Müasir müharibənin uğurunu təmin edən digər mühüm amil informasiya savaşında əldə olunan üstünlükdür. Biz bunu Vətən müharibəsi zamanı əyani surətdə görə bildik. Eləcə də bütün dünya erməni təbliğat maşınının necə işlədiyini və Azərbaycanın necə cavab verdiyini görürdü. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın “Rossiya” telekanalının “60 dəqiqə” proqramında çıxışları xarakterikdir. Siyasi şərhçilər Prezidentimizin çıxışını informasiya savaşında zəfər, siyasi zəfər adlandırırlar. Sərrast, dəmir məntiqə əsaslanan bu çıxışın fonunda Paşinyanın dedikləri son dərəcə bəsit görünürdü. İlham Əliyev zəka və siyasət “duelinin” açıq-aşkar qalibi idi. Münaqişənin səbəbləri, Qarabağ həqiqətləri barədə tarixi faktlara söykənən təkzibolunmaz arqumentləri ilə opponentini çaş-baş qoyur, çıxılmaz vəziyyətlərə salırdı.

Ümumiyyətlə, müharibə dövründə Prezidentimiz müasir diplomatiya tarixinə düşəcək nümunələr göstərirdi. Dünyanın aparıcı KİV-inə 44 gündə 30-dan çox müsahibə! Tarixdə buna bənzər ikinci bir nümunə tapmaq çətindir. Türkiyənin “A Haber”, ABŞ-ın “Fox News”, İtaliyanın Rai-1, Almaniyanın ARD və digər telekanallarına, Rusiyanın TASS və Interfaks, İspaniyanın EFE informasiya agentliklərinə, Yaponiyanın “Nikkei”, Fransanın “Figaro”, İtaliyanın “La Repubblica” qəzetlərinə və başqa media orqanlarına müsahibələr zamanı Prezident İlham Əliyev erməni faşizminin əsl simasını açıb-göstərir, Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini faktlarla sübut edirdi. Azərbaycana qərəzli münasibət göstərən bəzi xarici müxbirlərin ittiham xarakterli, dezinformasiya məqsədi güdən suallarını da səbirlə cavablandırır, əsl həqiqətlərin nədən ibarət olduğunu dünyaya çatdırırdı. Bununla da erməni təbliğat maşınının, erməni diasporu və lobbisinin münaqişə barədə onilliklər boyu yaratdığı yanlış təsəvvür alt-üst edilirdi.

Erməni tərəfi münaqişənin başlanğıcından yalan məlumatlar yayır, dünyanı aldadırdı. Bu təbliğatın təsiri altında ABŞ Konqresi işğala məruz qalmış Azərbaycanı hərbi yardımdan məhrum edən, heç bir məntiqə sığmayan qərar - “Azadlığa dəstək aktı”na 907 nömrəli düzəliş qəbul etmişdi. Prezident İlham Əliyev öz müsahibələrində, beynəlxalq kürsülərdəki çıxışlarında tarixə və sənədlərə əsaslanan arqumentlərlə dünyanı ədalətin kimin tərəfində olduğuna inandıra bildi. Nəticə göz qabağındadır. Bədnam 907 nömrəli düzəlişin qəbul edildiyi 1990-cı illərdən fərqli olaraq, 44 günlük müharibə dövründə bir neçə ermənipərəst ölkə istisna olmaqla, dünya birliyi münaqişə ilə bağlı ədalətli mövqedə dayandı. Bu da öz növbəsində Qarabağ Zəfərinin əsas rıçaqlarından biri oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüş meydanında Qələbəni rəşadətli Ordusu ilə, diplomatiya və informasiya müstəvisində savaşı isə təkbaşına - ağlın və zəkanın gücü ilə qazandı. Üç cəbhədə gedən savaşın son nəticəsi, Qələbəmizin zirvəsi isə təbii ki, Şuşanın fəthi oldu.

Qələbəmizin zirvəsi

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu müjdə Azərbaycanı, sözün yaxşı mənasında, ayağa qaldırdı. Şuşanın azad olunduğu gün - 8 noyabr tariximizə Zəfər Günü kimi yazıldı.

Həmin gündən bir il keçsə də, noyabrın 8-i günorta saatlarında yayımlanan videokadrlar indiki kimi yadımızdadır: Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edir, sonra Şəhidlər xiyabanına gəlirlər. Xalqa buradan Şuşanın azad edilməsi müjdəsini verən Müzəffər Ali Baş Komandan müharibənin arxada qalan günlərində olduğu kimi, yenə təmkinli, qətiyyətli və inamlı görünür.

Savaş hələ başa çatmasa da, tam qələbənin bir addımlıqda olduğunu hamı hiss edirdi. Şuşanın azad edilməsi düşmənin belini qırmışdı, müharibənin taleyi, əslində, həll olunmuşdu. Bundan bir gün sonra kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Beləliklə, Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid verilmədən azad olundu.

Şuşa əməliyyatını qələbəmizin zirvəsi adlandıran Prezidentimiz deyir: “İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək, sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır”.

Şuşaya Zəfər yolu ilə getmək xoşbəxtliyi mənə də nəsib olub. Çox illər bundan öncə - işğaldan əvvəl dönə-dönə gördüyüm yerlər, dağlar və sıldırım qayalar bu dəfə mənə tamam başqa təsir bağışlayırdı. Sanki Qələbə havası hər daşa, hər divara hopmuşdu. Bu havanı ciyər dolusu udduqca, sanki insan ruhən təzələnir, yenidən doğulur.

Qarabağ Zəfərinin möhtəşəmliyi burada - dağlar qoynunda, sıldırım qayalar əhatəsində yerləşən Şuşada daha aydın cizgilərlə görünür. Əsgərin əldə silah dağlar, qayalar aşaraq keçilməz yollardan keçməsi, möhkəm müdafiə qurmuş düşmənlə əlbəyaxa döyüşə girərək qalib gəlməsi kimi ağlasığmaz səhnələr adətən savaş filmlərində olur. Real həyatda isə bunu Azərbaycan əsgəri etdi. Bəlkə də son əlli-yüz ilin müharibələrində bu cür fantastik əməliyyat planı, belə bir qəhrəmanlıq görünməyib.

Qarabağın tacı, döyünən ürəyi olan Şuşa bu il mayın 12-13-də Zəfər yolunun davamı olan daha bir təntənə yaşadı. Bir neçə ay əvvəl silah səsləri eşidilən bu gözəl diyardan dünyaya musiqi dili ilə mesajlar verildi. Azərbaycan özündə güc taparaq ənənəvi “Xarıbülbül” musiqi festivalını bərpa etməklə bu yerlərin əsl sahibinin kim olduğunu nümayiş etdirdi. Mənfur düşmən məscidlərimizi, tarixi abidələrimizi, bu qala şəhərin təməlini qoyan İbrahim xanın malikanəsini, Vaqifin məqbərəsini dağıtsa da, Üzeyirin, Bülbülün, Natəvanın heykəllərini güllələsə də, Azərbaycan ruhunu Şuşadan silə bilmədi. Otuz ilə yaxın əsarətdə qalsa da, Şuşa əyilmədi, sınmadı. “Xarıbülbül” festivalı, eyni zamanda, bu həqiqətlərin nümayişi oldu.

Düşmən əsarətindən qurtulmuş Xarıbülbül həmin yaz günü daha gözəl açmışdı, dağlarımız daha vüqarlı görünürdü, çaylarımız daha gur axırdı. Təbiətin bu ruhu torpağına qovuşmuş xalqın ruhu ilə necə də həmahəng səsləşirdi.

Vətən müharibəsindəki Qələbəmiz dünyanı nə qədər təəccübləndirmişdisə, azad olunmuş torpaqlara həyatın bu cür sürətli qayıdışı da bir o qədər heyrətləndirir. Hər iki halda uğurun təməlində Prezidentin və xalqın sarsılmaz birliyi, Liderə sonsuz inam və etimad dayanır. Bu birlik və həmrəylik, sözün əsl mənasında, böyük dayaqdır.

Böyük dayaq

Prezident İlham Əliyev Qarabağ Zəfərini təmin edən amillərdən danışarkən deyir ki, gücünü yumruq kimi birləşmiş xalqdan alır. Azərbaycan xalqı öz Liderinin, Ordusunun arxasında dağ kimi dayanmışdı və dayanır.

Atalar demişkən, el gücü sel gücüdür, arxasında el dayanan igid basılmaz. Biz 44 günlük müharibənin hər anında atalar sözündəki bu hikmətin əyani şahidi olurduq.

Hərbi əməliyyatlar başlayanda cəbhə xəttinə yaxın ərazilərdə yaşayan yüz minlərlə insanın təhlükəsizliyi üçün tədbirlər görülür, insanlara çağırış edilirdi ki, bu yerlərdən uzaqlaşsınlar. Əhali qismən təxliyə olunsa da, çoxları öz evini tərk etmir və deyirdilər ki, öz yurdlarından heç yerə getməyəcəklər, ölsələr də burada öləcəklər.

Məsələn, kiçik Tərtər şəhərinə 16 mindən çox mərmi atılmışdı, dəfn mərasimi zamanı qəbiristanlıq atəşə tutulmuşdu. Ölənlər, yaralananlar vardı. Bununla belə, əhalinin əksəriyyəti sonadək dözüb dayandı.

Yaxud düşmən bir neçə dəfə gecə vaxtı Gəncəni ballistik raketlərlə atəşə tutdu. Neçə-neçə günahsız insan - qadınlar, uşaqlar həlak oldu. Bərdəyə, Ağdamın kəndlərinə də xain hücumlar edildi. Düşmən bununla həm döyüş meydanında məğlubiyyətinin acığını çıxmaq, həm də insanları qorxutmaq istəyirdi. Düşünürdülər ki, belə hücumlarla Azərbaycanı dayandıra biləcəklər, evləri dağılmış, yaxınlarını itirmiş insanlar öz ölkəsinin hakimiyyətindən müharibəni dayandırmağı tələb edəcəklər. Lakin əvəzində nə baş verdi? Evlərinin dağıntıları altından güclə çıxmış adamlar deyirdilər: dayanmayın, irəli gedin. Prezidentə ünvanlanan çoxsaylı müraciətlərdə, məktublarda yazırdılar: biz ölməyə hazırıq, təki torpaqlarımızı qaytaraq. Bu, şərəf və ləyaqət, olum, ya ölüm məsələsi idi.

Bu barədə danışarkən Gəncədə evlərinə mərmi düşmüş altı yaşlı Bəxtiyarın o vaxt KİV-in manşetində yer almış fotosu göz önünə gəlir. Sifəti qana boyanmış bu balaca oğlanın üzündəki təbəssüm bəlkə də bombadan güclü təsir bağışlayırdı. Faciədən bir il sonra isə həmin Bəxtiyar müxbirimizə şəstlə belə deyirdi: “Evimizə bomba düşəndə qorxmadım, heç kişi də qorxar?”.

Şəhidlərin dəfn mərasimini müşahidə edən bəzi qərbli müxbirlər təəccüblə deyirdilər ki, heç bir narazılıq eşitmirdilər, əksinə, hamı Prezidentdən danışır, ona təşəkkür edirdi. Hamı istəyirdi ki, bu iş axıra çatdırılsın, torpaqlar azad olunsun.

Beləcə o balaca oğlan, yaxınları şəhid olmuş o insanlar düşmənə, dünyaya kişilik dərsi, qeyrət və ləyaqət dərsi keçir, kimin kim olduğunu göstərirdilər.

Bir il əvvəl Qarabağda azadlıq ordusu və işğalçı ordu üz-üzə dayanmışdı. Bir il əvvəl Şuşa dağlarında xeyir və şərin mübarizəsi gedirdi. İnsan torpaqdan güc alır, bir şərtlə ki, ayağının altındakı özgə torpağı yox, doğma torpaq olsun. Odlu cəbhə yollarının hər addımında özgə torpağı ilə doğma torpağın fərqi aydın görünürdü.

Özgə torpağı ilə doğma torpağın fərqi

Qarabağın kimə məxsus olduğunu, kimin torpağı olduğunu sübut etmək üçün artıq tarixin dərin qatlarına enməyə ehtiyac yoxdur. Azad edilmiş torpaqlardakı mənzərə, Qafqazın Xirosiması adlandırılan Ağdam, bayraq asmağa salamat bir bina tapılmayan Füzuli, yerlə bir edilmiş Cəbrayıl, Qubadlı, Zəngilan, 30 il baxımsız qalmış Şuşa... Talan olunmuş meşələr, suyu qurumuş bulaqlar, zəhər axıdılmış çaylar. Prezidentimizin dediyi kimi, sanki bu yerlərdən vəhşi bir qəbilə keçib.

Dünyanın bir çox ölkələrindən Azərbaycana gəlmiş qonaqların, siyasətçilərin, parlamentarilərin, media nümayəndələrinin, ölkəmizdəki diplomatların Qarabağa səfərləri təşkil olunur. Gördükləri amansız dağıntılar onları dəhşətə gətirir. Heç insan da öz doğma torpağını bu günə salarmı?! İşğalçılar yandırılmış torpaq taktikası yeridiblər. O məqsədlə ki, azərbaycanlılar bu yerlərə qayıtmaqdan vaz keçsinlər.

İşğalçı Ermənistan bu hesablamasında bərk yanıldı. Müharibə bitər-bitməz Qarabağda bərpa-quruculuq işləri başladı.

Düşmən yəqin onu da bilirdi ki, bu torpaqları sonadək əldə saxlaya bilməyəcək, günün birində Qarabağın əsl sahibləri qayıdacaq və biz qayıtdıq, əbədi olaraq qayıtdıq. Qələbədən cəmi bir həftə sonra - noyabrın 16-da Müzəffər Ali Baş Komandan və xanımı Füzuli və Cəbrayıla səfər etdilər. Xalq bu səfəri həm böyük maraq və qürurla, həm də həyəcanla izləyirdi. Çünki təhlükə hələ tam sovuşmamışdı, düşməndən hər cür təxribat gözləmək olardı. Amma doğma torpaq səsləyirdi və bu çağırış cavabsız qalmadı. Anında atılmış addım Qarabağa həyatın tezliklə qayıdacağına böyük inam yaratdı.

Vətən müharibəsi işğalçı ordu ilə azadlıq ordusu arasındakı ölçüyəgəlməz fərqi də bir daha ortaya qoydu. Ermənistan əsgərlərini Qarabağa zorla göndərirdi. Ayağına zəncir vurulmuş düşmən əsgərinin KİV-də yayılmış fotosunu hamımız gördük. Zəncirləmişdilər ki, qaçmasın. Amma zəncir də qaçışların qarşısını ala bilmədi. Bir qədər əvvəl qeyd etdiyim kimi, Ermənistan ordusundan minlərlə əsgər fərarilik etdi. Azərbaycan əsgəri isə şir kimi döyüşərək bir addım da geri atmadan sonadək getdi. Çünki o, doğma torpağından güc alırdı, çünki ədalət onun tərəfində idi.

Qarabağ Zəfərini şərtləndirən mənəvi-psixoloji amillərdən biri də, sözsüz ki, Türkiyənin qardaşlıq dəstəyidir. Müharibənin ilk dəqiqələrindən çox hörmətli Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin siyasi və hərbi rəhbərliyi dünyaya birmənalı mesaj verdi: Azərbaycan tək deyil!

Beləcə, gözlərimiz önündə yüz illər sonrakı nəsillərin də qürur duya biləcəyi qardaşlıq dastanının yeni fəsilləri yazıldı və bu gün də yazılmaqdadır.

Qardaşlıq dastanı

Qeydlərimin bu bölümünə Türkiyənin məşhur "Anadolu ateşi" qrupunun rəqqası Serhat Turakın səhnələşdirdiyi “Bir millət, iki dövlət: Qardaşlıq dastanı” adlı musiqili tamaşa vəsilə oldu. İş elə gətirmişdi ki, bu möhtəşəm layihənin premyerası zamanı İstanbulda idim. Azərbaycandan böyük nümayəndə heyəti ilə Türk Şurasının mediaforumuna getmişdik. Hər iki ölkədən 100 nəfərədək sənətçinin qatıldığı möhtəşəm əsərin televiziyada nümayiş etdirilən fraqmentlərini də orada izlədim. Gördüyüm səhnələr insanı vəcdə gətirəcək qədər təsirli, duyğusal idi.

Bu möhtəşəm müzikl özündə Türkiyənin və Azərbaycanın keçmişdən bu günədək yaşadığı ən önəmli tarixi hadisələri əks etdirir. Mehmet Akif Ərsoydan Əhməd Cavada, Nizami Gəncəvidən Mövlanaya, tarixin ilk türk qadın hökmdarı Tomrisdən Sara Xatuna qədər bütün şəxsiyyətlərdən söhbət açır. Bu, iki ölkənin ortaq tarixini, mədəniyyətini, mübarizəsini özündə əks etdirən qardaşlıq dastanıdır. Müəllifin ən böyük arzusu əsəri Qarabağın mədəniyyət beşiyi olan Şuşada, eləcə də digər türkdilli ölkələrdə və Avropada təqdim etmək, musiqi və teatrın təsirli dili ilə qardaşlığımızın hansı səviyyədə olduğunu göstərməkdir.

Azərbaycan-Türkiyə qardaşlığına dair tarixdə çoxlu nümunələr var. Çox da uzağa getməyək. Bu qardaşlığa təxminən yüz il əvvəl baş vermiş Çanaqqala döyüşləri, yaxud Bakının daşnak-bolşevik işğalından azad edilməsi uğrunda aparılan savaş şahidlik edir. Çanaqqala çöllərində şəhid azərbaycanlı döyüşçülər, Azərbaycan torpağında şəhid türk əsgərlər uyuyur.

İstanbula səfər öncəsi tarixi vərəqləyərkən, 2014-cü ilin yazında Praqada, “Şərq Tərəfdaşlığı” Sammitində baş verən bir hadisəni xatırladım. Türkiyə bu sammitdə təmsil olunmurdu. Türkiyənin qarasınca danışan birinin sözünü Azərbaycan Prezidenti İlham Əliyev kəsərək “Türkiyə burada yoxdur, amma mən varam” dedi və qardaş ölkənin müdafiəsinə qalxdı. Azərbaycanın olmadığı siyasi məkanlarda, beynəlxalq tədbirlərdə isə onun sözünü Türkiyə deyir.

İkinci Qarabağ müharibəsinə gəlincə, Türkiyənin mənəvi-siyasi dəstəyi gücümüzə güc qatdı. Türkiyə yenə yanımızdadır. Bu dəfə qardaşlarımız Qarabağın bərpasında bizimlə çiyin-çiyinə çalışırlar. Prezident Rəcəb Tayyib Ərdoğanın azad olunmuş ərazilərə səfərləri, Şuşada imzalanmış tarixi Bəyannamə, türk şirkətlərinin köməyi ilə tikilən Füzuli Beynəlxalq Hava Limanı, Zəngilanda təməli birgə qoyulan “Dost Aqropark”ı qardaşlıq dastanının yeni, parlaq səhifələridir. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bir-birinə “əziz qardaş” deyə müraciət edirlər.

Bütün bunlar, hər birimizə sonsuz qürur hissi yaşadır, xalqlarımıza əlavə güc, təpər verir.

Qardaş Türkiyənin bərpa işlərinə maddi-mənəvi dəstəyi keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdacağı günü bir qədər də yaxınlaşdırır. Azərbaycan Böyük Qayıdışa doğru heyrətamiz sürətlə irəliləyir.

Böyük Qayıdışa doğru

Müharibə dövlət sisteminin, dövlət idarəçiliyinin, xalqın iradəsinin möhkəmliyi üçün bir sınaqdır. Dövlətimiz və xalqımız bu sınaqdan ləyaqətlə çıxdı, torpağını qorumağa qadir olduğunu, öz gücünü bütün dünyaya nümayiş etdirdi.

İndi qarşıda bundan heç də asan olmayan daha bir sınaq - işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurda maksimum qısa müddətdə qaytarılması kimi mürəkkəb, genişmiqyaslı işlər dayanır.

Prezidentimiz deyirdi ki, Qarabağ nəyin bahasına olursa-olsun azad ediləcək. Belə də oldu. Prezidentimiz deyir ki, düşmənin viran qoyduğu bu yerlər cənnətə çevriləcək. Belə də olacaq. Biz tarixin bu sınağından da şərəf və ləyaqətlə çıxacağıq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə səfərləri ənənə halını alıb. Xalqımıza inam bəxş edən bu səfərlər zamanı bir-birindən mühüm infrastruktur obyektlərinin açılışları edilir, yenilərinin təməlləri qoyulur. Mehriban xanım uzaq, enişli-yoxuşlu yolların əziyyətinə qatlaşaraq Vətənə və torpağa məhəbbət nümunələri göstərir, bərpa-quruculuq işlərinin önündə gedir. Bu istiqamətdə ilk addım məhz Mehriban xanım Əliyeva tərəfindən atıldı, onun təşəbbüsü ilə Heydər Əliyev Fondunun müharibədən bir neçə gün sonra Şuşada tarixi abidələrin bərpasına başlaması quruculuq prosesinə güclü təkan oldu. Prezidentin və birinci xanımın iştirakı ilə artıq Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bərpasının təməli qoyulub. Bu tarixi hadisələrdən birinə - Cəbrayıl şəhərinin bərpasının təməlqoyma mərasiminə şahidlik etmək şərəfi rayon ictimaiyyətinin nümayəndələrindən biri kimi mənə də nəsib oldu. Biz cəbrayıllılar oktyabrın 4-də həyatımızın ən xoşbəxt günlərindən birini yaşadıq. Region üçün nümunə olacaq Cəbrayılın təməl daşlarını Prezidentimizlə birlikdə qoyduq. Böyük Qayıdışa doğru daha bir önəmli addım olan bu tarixi hadisə bütün cəbrayıllıların yaddaşına həmişəlik həkk olundu. Bizə yaşatdığı bu unudulmaz anlara, sonsuz sevinc və qürur hisslərinə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarıq.

Qarabağın bərpasından danışarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatında səsləndirdiyi dəyərli fikirlər yada düşür: “Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır”.

Çox hörmətli Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Bu yerlərdə reallaşan, yaxud təməli qoyulan hər bir layihə Böyük Qayıdışa doğru atılan addım olaraq Qarabağın qarşıdakı ağ günlərindən soraq verir.

X X X

Ümumtürk tarixində dörd məşhur müharibənin adı keçir: Malazgird savaşı (1071-ci il), İstanbulun fəthi (1453-cü il), Çanaqqala (1915-ci il) və Sakarya (1922-ci il) müharibələri. Azərbaycan xalqının Vətən müharibəsi də bu sırada durmağa layiqdir. Qarabağ Zəfəri haqlı olaraq bütün türk dünyasının zəfəri sayılır.

Şanlı Qələbəmizdən ötən 365 gün və bizi bu Zəfərə qovuşduran 44 gün. Bu günlərin hər biri, hər bir anı çoxəsrlik tariximizin ən şanlı, bənzəri olmayan səhifələridir. Azərbaycan Prezidenti və onun ətrafında yumruq kimi birləşən əzmkar xalqımız, Ali Baş Komandanın əmrlərini layiqincə yerinə yetirən rəşadətli Ordumuz möhtəşəm bir tarix yazdı, Azərbaycanın və Qarabağın taleyini dəyişdi. Bir ildir ki, Prezidentimiz və xalqımız bütün gücünü toplayaraq daha bir tarix - Qarabağın bərpası tarixini yazır. Bu gün bütün yollar Qarabağa gedir, bu yollar bizi zəfərdən-zəfərə aparır.

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin sədri

OANA-nın vitse-prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır