Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qarabağ şikəstəsi – Zəfərin gur nəğməsi

Qarabağ şikəstəsi – Zəfərin gur nəğməsi

Bakı, 3 iyun, AZƏRTAC

Qarabağ - musiqi mədəniyyətimizin bütün qollarının bir-birilə sıx çulğalaşdığı, bir-birilə zənginləşdiyi bir diyardır, musiqi yaradıcılığının hər bir sahəsinin - xalq mahnı və rəqs yaradıcılığı, aşıq və muğam sənəti, dini musiqi yaradıcılığının birgə fəaliyyət göstərdiyi bölgələrdən biridir. Azərbaycan musiqi mədəniyyətinin yaradıcılıq qolları yüzilliklər boyu, bu yurdda yanaşı addımlamış, qarşılıqlı faydalanma, qarşılıqlı əlaqə və təsir zəminində yaşamışdır. Qədim tarixə malik, ilk insanların məskəni sayılan Qarabağ torpağı bəşəriyyətə böyük simalar bəxş etmişdir. Bu torpaq Seyid İbn Əmirül Bərdəi, Əbül Bəkr Bərdəi, Məsud ibn Namdar, Mücirəddin Beyləqaninin (X-XII əsrlər), Yusif Məmmədcan oğlu Qarabağinin (?-1645) vətəni olmuşdur.

Bu fikirlər sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlinin “Qarabağ şikəstəsi - Zəfərin gur nəğməsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Aşıq sənətinin “qızıl dövrü” hesab edilən XVI-XVII yüzilliklərdə və ondan sonrakı dövrlərdə də Qarabağ mədəni mühiti böyük sənətkarlar yetişdirmişdir. Qurbani (XVI əsr), Lələ (XVII əsr), Abdalgülablı Valeh (XVIII əsr), Aşıq Pəri (XIX əsr) kimi qüdrətli saz-söz ustadları məhz bu mühitdə yaşayıb-yaratmışlar. Onların yaratdıqları zəngin və parlaq mədəni irs həm musiqi mədəniyyəti, həm də Azərbaycan yazılı ədəbiyyatının inkişafına böyük təkan verib. Görkəmli ədəbiyyatşünas alim Məmmədhüseyn Təhmasib aşıqlıq mədəniyyətinin hakim mövqeyini qeyd edərək yazırdı: “XVII-XVIII əsrlərdə aşıq ədəbiyyatı, aşıq şeiri o qədər geniş yayılmış, elə böyük şəxsiyyətlər yetirmişdir ki, hətta yazılı ədəbiyyatın önündə getməyə, ona istiqamət verməyə başlamış, Vaqif ədəbi məktəbinin formalaşmasında həlledici rol oynamışdır” (Seçilmiş əsərləri. I cild, Bakı -2010, s. 488).

XVII-XIX yüzilliklərdə aşıq ədəbiyyatı özünün çiçəklənmə dövrünü yaşayıb, xalq arasında, eləcə də mədəniyyət sahəsində hakim mövqe tutub. Aşıq sənəti musiqi mədəniyyətinin bütün sahələrinə təsir edib, muğamların milliləşməsinə, aşıq havaları əsasında yeni bir janrın - Qarabağ şikəstəsi, Arazbarı, Mani, Kərəmi və s. kimi zərbi-muğamların yaranmasına gətirib çıxarıb. Bir çox aşıq havaları xalq mahnısı statusu qazanıb.

XVIII yüzilliyin ikinci yarısından başlayaraq Şuşa şəhəri elmi-mədəni mərkəzlərdən biri kimi formalaşmışdı. Memar Kərbəlayi Səfihin tikdiyi “Göy məscid”, məhəllə məscidləri, Qala-saray kompleksi, karvansaralar, iki-üç mərtəbəli gözəl bina və saraylar Şuşanı milli memarlıq muzeyinə çevirmişdi. Böyük şair Molla Pənah Vaqif məhz bu şəhərdə - Qarabağ mühitində yaşayıb-yaradıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli və başqaları yaradıcılıq yoluna bu şəhərdə başlayıb, Mirzə Adıgözəl bəy, Mirzə Camal Qarabaği, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani kimi salnaməçilər burada yetişiblər. Azərbaycan muğam və ifaçılıq sənətinin inkişafında müstəsna rol oynamış ilk musiqi məclisləri də burada yaranıb. Xurşidbanu Natəvan “Məclisi-üns”, Mir Möhsün Nəvvab “Məclisi-fərəmuşan”, “Məclisi-xanəndə” məclislərinin yaradıcıları idilər. Musiqi məbədi sayılan Şuşada “Xan Qarabaği, Növrəs, Məmayi, Baki, Alı Yüzbaşı oğlu Həsən “Beytül Xamuşan” məclisində, digər şair, müğənni və çalğıçılar (Mirzə Sadiq Piran, Mirzə Rəhim Fənan, Mirzə Məmməd Katib və b.) “Məclisi-üns” məclisində” (T.Köçərli. Qarabağ. Bakı, 2006) toplaşmış, Şuşada həvəskar gənclər M.F.Axundzadənin komediyalarını, U.Şekspirin “Otello” və “Adəm və Həvva”sını tamaşaya qoymuş, “Leyli Məcnunun qəbri üstündə” musiqili səhnəciyini göstərmişlər.

Şuşanın musiqi həyatını təsvir edən Y.V.Çəmənzəminli yazırdı: “Küçədə evimizin qarşısındakı quyuluqda gözəl şərqilər söylərdilər, saz... çalınardı. Nə oxuyanlar vardı! Axşam çağı qatıq almağa gedən uşaqlar qazanı yanağına dayayıb, elə bayatı və şikəstə oxuyardılar ki, adamın gözləri yaşarırdı. Vaqif və Zakirin vətəni olan bu şəhərə təbiət şeir, musiqi və şərqi ilhamı bağışlamışdı. Qafqazın bütün adlı-sanlı türk xanəndə və sazəndələrini bu şəhər yetişdirərdi. Məşədi İsi, Hacı Üsü, Qaryağdı oğlu Cabbar, Əbdül Bağı, Seyid, İslam kimi oxuyanlar, Sadıqcan kimi çalanlar Şuşada yetişmişdir” (Əsərləri. III cild, səh.291).

Bu sıranı bəstəkar, xanəndə, sazəndə və aşıqların adları ilə sanki sonsuza qədər uzatmaq olar: Dahi Üzeyir bəy Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Soltan Hacıbəyov...

Şuşa - hamımız üçün - bütün Azərbaycan xalqı üçün müqəddəsdir. Lakin biz musiqiçilər üçün Şuşanın öz yeri var. Şuşa - Azərbaycanın musiqi beşiyidir. Səcdə etdiyi “Məkkə”sidir. Mədəniyyət ocağıdır. Musiqimizin peyğəmbəri, dahi Üzeyir bəyin ana yurdudur. Bütün Qafqazın, əslində, Yaxın Şərqin Konservatoriyasıdır. Musiqi xəzinəmizin, zəngin sənət örnəklərinin əksər çoxluğu məhz Qarabağın xanəndə və sazəndələrinin, eləcə də ustad aşıqlarının adı ilə bağlıdır. Azərbaycan milli musiqi irsinin böyük bir hissəsi məhz Qarabağın payına düşür - desək, yanılmarıq. Bunu hamımızın sevə-sevə dinlədiyimiz musiqi folklor nümunələrinin - el havalarının adları da deyir: “Qarabağı”, “Uzundərə”, “Güllücə”, “Arazbarı”, “Gülüstanı”, “Əsgəranı”, “Tərəkəmə”, “Çanaqqala” (Çanaqqala Şuşa şəhərinə girişdə yerləşən yer adıdır. Lakin ola bilsin ki, bu hava türklərin “Çanaqqala zəfəri” ilə bağlı olaraq yaranıb. Çanaqqala savaşında azərbaycanlı əsgərlər də vuruşub) və bu kimi bir çox oyun havaları Qarabağın dağlı-yamaclı, güllü-çiçəkli, gözəl təbiətə malik, igid oğul və qızlarının yaşadığı kənd və obalarının adı ilə bağlıdır.

Xalq mahnıları içərisində Qarabağla bağlı olan adlar, eyni zamanda, poetik mətnində bu diyarın səfalı yerlərinin adlarını daşıyan havalar kifayət qədərdir: “Qarabağda bir dənəsən”, “Qarabağın yollarına düşəydim”, “Şuşa ceyranı”, “Bağın bağımca varmı”, “Azərbaycan maralı” (Ay qız gəzmə aralı), “Xarıbülbül” (“Vətən bağı”), “Şuşalı” (“Neylərəm”), “Alma” (“Alma almaya bənzər”), “Laçın”, “Qoy gülüm gəlsin” (“Qarabağın düzü var”), “Aman yar” (“Gəlin gedək Daşaltına gəzməyə”), “Yarım çıxdı qabaqdan” (“Gəlin gedək Xan bağına, xəzələ”), “Yadıma sən düşəndə” (“Şuşa, Şirvan dağ üstə”), “Evləri Tərtər üstə”, “Necə qıydın” (“Gəlin gedək Xoruzlunun düzünə”), “Naxçıvanın gədiyindən aşaydım”, “Eyləmi daşlı dağlar” və başqaları.

“Qarabağ dübeytisi”, “Qarabağ kərəmisi”, “Qarabağ ləngəri”, “Qarabağ qaytağısı”, “Qarabağ gözəlləməsi”, “Qarabağ şikəstəsi”, “Qarabağ kəsməsi”, “Arazbarı” və bir çox havaları isə bu yurdun aşıqlarının yaratdığı sənət nümunələridir ki, məhz Qarabağda ərsəyə gəlib, elimizin bütün yerlərinə səs salaraq yayılıb, yeni-yeni sənət örnəklərinin yaranmasına səbəb olub.

Belə bir mühitdə - aşıq və xanəndə sənətinin yanaşı addımladığı, hətta kəsişdiyi bir məkanda yaradıcı mühit formalaşır, qarşılıqlı münasibətlər yaşanırdı. “Azərbaycan musiqi tarixi” kitabının I cildində oxuyuruq: “Azərbaycan musiqisinin müxtəlif qollarının, xüsusilə, muğamın və aşıq yaradıcılığının qarşılıqlı təsiri nəticəsində zənginləşməsi prosesi güclənirdi. Aşıq musiqisinin təsiri xanəndəlik sənətinə xüsusi təravət verir və muğamı yeni çalarlarla zənginləşdirirdi” (Bakı, 2012, səh.452, 85). Xalq şənliklərinə, toy-düyünlərə həm sazəndə, həm də aşıq dəstələri dəvət olunar, növbə ilə çıxış edər, ilk təşkil olunan “Şərq konsertləri” və “Şərq gecələri”ndən başlayaraq (1901-Şuşa, 1902- Bakı və s.) eyni səhnəni bölüşər, hətta birlikdə oxuyardılar.

Qarabağ mühitində yetişmiş böyük sənətkar - Azərbaycan milli oxuma üslubunun yaradıcısı hesab edilən Cabbar Qaryağdıoğlu görkəmli xanəndə - muğam ustadı kimi musiqi tarixinə daxil olub. Bununla belə o, xalq musiqi yaradıcılığını, mahnı və rəqsləri, el havalarını, eləcə də aşıq yaradıcılığını dərindən bilib, bu ruhda şeirlər yazıb, mahnılar bəstələyib, el havalarını oxuyan ilk xanəndə kimi də tarixə düşüb. “Cabbar Qaryağdıoğlu böyük muğam ustası olmaqla bərabər musiqi folklorumuzun, xalq mahnılarımızın gözəl bilicisi və bəstəçisi idi... Təsadüfi deyildi ki, Cabbar Qaryağdıoğlunu musiqi folklorumuzun “canlı ensiklopediyası” adlandırırdılar. O, 500-ə yaxın xalq mahnısını əzbər bilirdi və onlardan 300-nü fonovalikə yazdırmışdır” (Azərbaycan musiqi tarixi. I cild, 2012, səh. 472.). “Qaryağdının musiqi yaddaşı - xalq melodiyalarının əsl xəzinəsidir” (F.Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı, 1985, səh. 16-17).

Ümumiyyətlə, Qarabağın musiqi sərvətinin, o cümlədən musiqili-ədəbi folklorunun yaşaması, bu günə çatdırılması faktı, ilk növbədə, Cabbar Qaryağdıoğlunun adı ilə bağlıdır desək, yanılmarıq. C.Qaryağdıoğlu məhz Qarabağ mühitində formalaşıb, bu yerlərin musiqi sərvətinin həm yaradıcısı, həm daşıyıcısı, həm də ötürücüsü olub. Şuşada doğulmuş Cabbar Qaryağdıoğlu ömrünün 48 ilini Cıdır düzünə yaxın “Seyidlər” məhəlləsində yaşayıb. Böyük sənətkar kimi məhz burada yetişib və xalq nəğməkarı kimi böyük ad qazanıb. 1900-cu illərdən başlayaraq, o, ilin çox hissəsini Bakı şəhərində yaşayaraq müxtəlif konsertlərdə, tamaşalarda çıxış edib, toy-düyünlərdə oxuyub. 1909-cu ildə Bakıda ev tikdirib və ailə quraraq ömrünün sonrakı 36 ilini burada yaşayıb-yaradıb. Yay aylarını isə Şuşada keçirən böyük xanəndə doğma yurdu ilə sıx tellərini kəsməyib, üstəlik, Qarabağın zəngin musiqi sərvətini, o cümlədən, Qarabağ musiqi folklorunu da özü ilə birlikdə Bakıya gətirib. Cabbar Qaryağdıoğlunun oxuduğu xalq mahnıları, təsniflər, el havaları və s. tez bir zamanda bütün Azərbaycana yayılıb. Fonovaliklərə yazdırdığı havalar da yaddaşında qoruyub saxladığı, sevə-sevə oxuduğu həmin musiqi irsinin ayrı-ayrı sənət inciləridir. Azərbaycan milli musiqi mədəniyyətinin bütün qollarını (muğam və aşıq sənətini, xalq yaradıcılığını, eləcə də, dini musiqini) bütün qanı və ruhu ilə dərk edərək özündə cəmləməsi və gələcək nəsillərə ötürməsi Cabbar Qaryağdıoğlu fenomeninin əsas qayəsidir.

Başqa bir böyük muğam ustası - Seyid Şuşinski yaradıcılığına aşıq kimi başlayıb, gənc yaşlarında aşıq dəstəsində oxuyub. “Arazbarı” aşıq havasını zərbi-muğam şəklində ilk oxuyan da məhz o olub, zil səsi, coşqun zəngulələri, ifaçılıq məharəti ilə hamını heyran edib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakıya köçüb (1919) və fəaliyyətini burada davam etdirib. O, 1926-1933-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1943-1963-cü illərdə Musiqi texnikumunda dərs deyib. H.Rzayeva, R.Muradova, İ.Rzayev, Ə.Əliyev, Y.Məmmədov və başqaları onun yetirmələridir.

Görkəmli müğənni Bülbül, “23-24 yaşınadək həm xanəndə, həm də aşıq” (Bülbül. Musiqi sənəti haqqında. Bakı, 1968, səh. 202) kimi fəaliyyət göstərib, həm aşıq, həm el havaları, həm də muğam və təsnifləri böyük məharətlə ifa edib. Azərbaycan musiqisinə, eləcə də, aşıq yaradıcılığına bütün qəlbi ilə bağlı olan Bülbül 1921-ci ildən Bakı şəhərində yaşayıb-yaradıb, professional vokal ifaçılığı məktəbinin, Konservatoriya nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin və s. yaradıcısı olub, Azərbaycan musiqi mədəniyyətinin inkişafına misilsiz töhfələr verib.

Qarabağ musiqi mühitinin böyük ustadı, böyük tarzən - Aşıq Valehin nəticəsi Qurban Pirimov əvvəlcə sazda çalıb, sonra tar ifaçılığına keçib və ustad tarzən kimi tanınıb. Aşıq Valehin nəvəsi Aşıq Abbasqulu isə Sadıqcan, C.Qaryağdıoğlu və başqaları ilə eyni məclis və səhnələri bölüşüb, tarda çalmağı bacarıb, tarın müşayiəti ilə muğam oxuyub, muğam zəngulələrini aşıq havalarına daxil edib.

Adları çəkilən bu şəxsiyyətlərin Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olub. Onların hər biri həm qədim aşıq sənətinin, həm zəngin muğam sənətinin, həm də çoxçeşidli xalq mahnı və rəqs havalarının incəliklərinə dərindən bələd olub və öz yaradıcılığında bu sənət qollarının üzvi vəhdətinə - ortaq səs-məqam, səs-intonasiya birliyinə, milli oxuma üslubunun formalaşmasına, parlaq ifa imkanlarının pöhrələnməsinə nail olublar. Bu sənətkarların dahi simalarının sirri də məhz bundadır - desək, zənnimizcə yanılmarıq.

Göründüyü kimi, Qarabağ musiqi məktəbinin, ifaçılıq ənənələrinin, zəngin musiqi mədəniyyətinin yayılmasında bu diyarın musiqiçilərinin böyük rolu olub. İlk növbədə, Şuşada, eləcə də Qarabağın ayrı-ayrı bölgələrində doğulub, boya-başa çatmış, xanəndə, sazəndə, aşıq kimi formalaşmış musiqiçilər Azərbaycanın əksər şəhər və kəndlərində, Qafqazın və yaxın ölkələrin bir çox şəhərlərində konsertlər verib, oxuyub-çaldıqları şaqraq havalar ilə doğma vətənin sədasını hər tərəfə yayıblar. Şuşada doğulub boya-başa çatmış xanəndə və sazəndələrin çox hissəsi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan əvvəl və sonra, bu və ya digər səbəblərdən, Bakıya, Gəncəyə və başqa şəhərlərə köçərək fəaliyyətlərini davam etdirib, musiqi məktəblərində sənətin sirlərini öyrədərək gələcək nəsillərin yetişməsində müstəsna rol oynayıblar. Hər bir musiqiçi öz ifası, ustad dərsləri ilə yeni nəslə, həm də Qarabağın sanki bir hissəciyini ötürüb, Şuşa şəhərinin zəngin musiqi ruhunu aşılayıblar. Qarabağ musiqi mühitinə xas olan obrazlılıq - təbiətə vurğunluq, füsunkar dağların-çeşmələrin, gözəllərin poetik təsviri, hadisələrə dərin emosional münasibət, saf, daxildən gələn musiqi intonasiyaları, əsl milli ruh, səs tembrinin özünəməxsusluğu, şaqraq zəngulələr, zəngin melodik, metr-ritmik müxtəliflik, zil səsli xanəndələrin xüsusilə sevilməsi, ifa zamanı dərin hisslərin çatdırılması və ya coşqun emosionallıq və bu kimi özəlliklər Qarabağdan Azərbaycanın bütün bölgələrinə daşınıb və yeni nəsil xanəndələri tərəfindən inkişaf etdirilib. Bu baxımdan, demək mümkündür ki, Qarabağ məktəbi musiqi mədəniyyətimizin böyük bir mərhələsini təşkil edir, “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmışlar və onu təkcə öz vətənlərində deyil, Şərqin başqa ölkələrində də təmsil etmişlər” (F.Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı, 1985, səh. 16-17).

Bu yazı çərçivəsində, biz, diqqəti Azərbaycan tarının yaradıcısı - Qarabağ mühitinin yetirməsi, böyük musiqiçi Mirzə Sadıq Əsəd oğluna (Sadıqcan) yönəltmək istərdik. Məlum olduğu kimi, tar çoxəsrlik bir inkişaf tarixi keçib, dəyişikliklərə uğrayıb, təkmilləşmə prosesi yaşayıb. Tar üzərində aparılmış ən böyük dəyişikliklərdən biri XIX əsrin 60-cı illərində - məhz Azərbaycanda, Qarabağın Şuşa şəhərində baş tutub. Sadıqcanın həyata keçirdiyi reforma nəticəsində, hazırda bütün Qafqazda, Qafqazyanı ölkələrdə, Orta Asiyada geniş yayılan sırf milli Azərbaycan tarı yaranıb.

Mirzə Sadıx, dövrünün böyük tar ustası Əli Əsgərdən dərs almışdı. O fitri istedada malik, virtuoz tar ifaçısı kimi yetişib, yeni muğam növlərinin, o cümlədən sırf milli janrlardan biri olan “zərbi-muğam”ların yaradıcısı, muğamın, eləcə də xalq musiqisinin mahir bilicisi, tar alətinin novator ustası, kamança ifaçısı, ən önəmlisi, milli musiqi təfəkkürünün daşıyıcısı olub.

Sadıqcanın reforması nəticəsində tar alətinin pərdə düzülüşünün dəyişilməsi və bununla bağlı olaraq formalaşmış bir mühüm məqama diqqəti yönəltmək istərdik.

Sadıqcan pərdələrin sayını azaldaraq 17-ni saxlayıb, pərdələrin düzümünü dəyişdirib (Bu haqda daha ətraflı bax: V.Əbülqasımov “Azərbaycan tarı. Bakı, 1989). Tarın yeni səs düzümünü yaradarkən Sadıqcan aşıq sazına xas olan böyük major tersiyasını (5/4-386 sent) tara daxil edib. Tar alətinin tanınmış araşdırıcısı V.Əbülqasımov “Azərbaycan tarı” əsərində (səh.47) yazır: “Mirzə Sadıx Əsəd oğlu yeni tarda beşsimli tardakı böyük tersiya ucalığını (348c) qəbul etməmiş və həmin pərdəni bir qədər irəli çəkərək böyük tersiya ucalığını 384 sentə (6-cı pərdə) çatdırmışdır. Bununla Mirzə Sadıq “Segah” tonikasının mövqeyini tamamilə düzgün və həm də “Segah”ın (“Xaric Segah” - “Orta Segah” - “Mirzə Hüseyn Segah”ı) məhz Azərbaycanda nə sayaq səslənməsi və nə üslubda ifa olunması prinsipini nəzərdə tutaraq təyin etməyi bacarmışdır” (fərq 384-343=41 sent olmuşdur). Bu - Sadıqcanın tar reformasının ən mühüm yeniliyidir. Tarın rekonstruksiyasında belə bir dəyişikliyin edilməsi Azərbaycan musiqisinin, Azərbaycan muğamının daha zəngin, daha parlaq milli xüsusiyyətlər, milli çalar, milli rəng əldə etməsinə, məqam-intonasiya məzmununun daxili gözəlliklərinin, üstün və özəl milli keyfiyyətlərinin üzə çıxarılmasına şərait yaratdı. Eyni zamanda, “Segah” muğamının inkişaf etməsi, yeni-yeni növlərinin yaranması, “Segah”ın əksər muğamlara nüfuz etməsi prosesi gücləndi.

Müəllif əsərdə həm beşsimli tarın, həm də on bir simli tarın pərdələrinin düzümünün sentlərlə ölçüsünü verib. Azərbaycan xalq çalğı alətlərinin görkəmli tədqiqatçısı S.Abdullayeva isə “Azərbaycan xalq çalğı alətləri” əsərində bir neçə saz alətinin pərdələrinin sentlərlə ölçülərini verib. Məsələn: Ə.Rzayevin sazında böyük tersiyalardan biri - do-mi arasında ölçü 384 sent göstərilib.

Sadıqcanın bu pərdəni tara daxil etməsi ilə, Azərbaycan tarı XIX əsrə qədər tarzənlərimiz tərəfindən çalınan qədim Şərq tarından fərqlənib. Xalq arasında geniş şöhrət qazanmış “Qarabağ şikəstəsi”nin və digər şikəstələrin, eləcə də “Segah”, “Şur” muğamlarının, xalq havalarının tarda ifası dəqiqləşib, milli intonasiyaları daha düzgün ifadə etmək mümkün olub, daha dürüst səslənmə əldə edilib.

Tarın üzərində yeniliklərin aparılması nə ilə bağlı idi? Zərurət nədən yaranmışdı? Fikrimizcə, Azərbaycan xalqının əsrlərboyu yaratdığı, inkişaf etdirdiyi melodik-səs, məqam-intonasiya məcmusu toplanaraq formalaşmışdı. Xalq bunu öz nəfəsində qoruyub saxlayır, oxuduğu havalarda, eyni zamanda, çaldığı alətlərdə səsləndirir və cilalayırdı. Belə alətlərdən biri də qədim saz idi.

Qeyd olunduğu kimi, Sadıqcanın yaşadığı mühitdə - Qarabağda muğam sənəti ilə yanaşı aşıq musiqisi, saz ifaçılığı da geniş yayılmışdı (F.Köçərli təkcə Gülablıda fəaliyyət göstərən 26 aşığın adını çəkib). Azərbaycan musiqisinin iki möhtəşəm qolu - muğam sənəti və aşıq yaradıcılığının qarşılıqlı əlaqə və təsiri nəticəsində zənginləşmə prosesi artırdı. Xalq tərəfindən sevilən, geniş yayılmış bir sıra aşıq havaları xanəndə yaradıcılığına sirayət edir və xanəndələr tərəfindən oxunurdu. Çox sevilən havalardan biri də aşıq “şikəstə”ləri idi. Beşsimli tarda bu havaların milli intonasiya səciyyəsini ifadə etmək, olduğu kimi çalmaq mümkün deyildi. Zərurət buradan yaranmışdı. Qarabağ hələ də böyük ustad Aşıq Valehin təsiri altında yaşayırdı (Kolanlı Həsən Şıxavəndli “Aşıq Valeh” kitabında qeyd edir ki, Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərində yazır: “Qarabağın aşıqları, neyçi və balabançıları, sazəndələri, xanəndə və nəvazəndələrinin əksəriyyəti Gülablıdan çıxıb (Aşıq Valehin doğulduğu kənd - İradə Köçərli), onun abu-havası ilə pərvəriş tapmışlar”. Daha sonra oxuyuruq: “Gülablı kəndində aşıq dəstələri yaranır, zurna-balaban həmin dəstələrə daxil olur. Bizə gəlib çatan məlumata görə, bu kənddə 29 zurnaçı dəstəsi olmuşdur. Onlar içərisində zurnaçı Əkbərin dəstəsində: Aşıq Qaraş, Aşıq Məmmədoğlu, Hüseyn zurnaçı, Hüseyn oğlu Məmməd, Aşıq Məhi Muxtar oğlu, Aşıq Baxış, Aşıq Nəcəfqulu, Aşıq Aslan, Aşıq Balakişi, Aşıq Cahangir, Aşıq Əzim, Aşıq Şahməmməd, Aşıq Çərkəz, Aşıq Musa, Aşıq Əli, Aşıq Məhərrəm, Aşıq Səməd, Aşıq Allahverdi, Aşıq Yadigar, Aşıq Abbasqulu, Aşıq Cəlal, Aşıq Qənbər, Aşıq Əhməd, balabançı Kərbalayi Fərəc. Valehin törəmələri: Aşıq Abbasqulu, Zərnigar, Aşıq Qara, Aşıq Ağalar, Aşıq Səməd, Aşıq Məhəmməd Zərnigar oğlu, balabançı Baxşəli və nəhayət, deyilir ki, Aşıq Valeh qədim saz havalarımıza “Qarabağ dübeytisi”, “Qarabağ kərəmisi”, “Qarabağ ləngəri”, “Qarabağ qaytağısı”, “Qarabağ gözəlləməsi”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Aran gözəlləməsi” kimi incilər verib”. Bakı, 2011, səh.18, 21-23). Mənbələrə görə, “Qarabağ şikəstəsi”, “Qarabağ kərəmisi”, “Qarabağ dübeytisi”, “Arazbarı” və başqa havaları da məhz Aşıq Valeh yaratmışdı. Belə bir mühitdə - aşıq mühiti ilə sıx təmasda yaşayan Sadıqcan sinədə çalınan sazı görüb-eşitmiş, onun səsi və havacatı ilə böyümüşdü. Çox yəqin ki, tarı da saz kimi, sinəyə qaldırıb çalmaq istəyi buradan qaynaqlanmışdı.

Sadıqcan çalğı, səs, texniki imkan baxımdan onu qane etməyən alətdə çalmaq istəmirdi və “ürəyinin başında” çalınan doğma hava, təmiz səs, milli səslənmə axtarışında idi. O, istəyinə çatdı və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Beləliklə, Sadıqcanın apardığı dəyişiklik alətin milliləşməsinə, onun xalq alətinə çevrilməsinə, Azərbaycan muğamının xalq musiqisi ilə qovuşmasına, daha zəngin və parlaq milli çalarlar əldə etməsinə, milli məqam-intonasiya məzmununun üzə çıxmasına imkan yaradıb.

Hər bir xalqın milli özünəməxsusluğunu təyin edən bir çox amillər var. Bu amillər xalqın həyatının hər bir sahəsində mövcuddur və özünün bənzərsizliyi, sabitliyi və yaşarılığı ilə fərqlənir. Bu baxımdan, Azərbaycan musiqisində, milli-ictimai toplum olaraq hamı tərəfindən dərk olunmuş və qəbul edilmiş, özündə milli musiqinin tipikləşmiş ifadə vasitələrini - poetik, melodik, metr-ritmik, məzmun, ovqat, ifa xüsusiyyətlərinin üzvi vəhdətini cəmləmiş ənənəvi hava-formullardan, hava-modellərdən biri məhz şikəstədir.

Azərbaycan xalq yaradıcılığının bir çox sahələrində - aşıq musiqi yaradıcılığı, aşıq poeziyası, eləcə də muğam sənətində “şikəstə”lərin xüsusi yeri var: şikəstə-ağı, şikəstə-bayatı, aşıq şikəstələri, şikəstə - zərbi-muğamlar və muğam şöbəsi - şikəsteyi-fars və hətta şikəstə-məqam. Şikəstələrin məzmun, obraz, ovqat, bədii təsir dairəsi xalqımızın mənəvi aləminə, hisslər dünyasına çox yaxın və doğmadır. Bu musiqi özəllikləri şikəstələrin geniş yayılmasına və sevilməsinə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmasına zəmin olub. Bu el havaları xalqın şad günlərində onlara yüksək zövq və sevinc hissləri bəxş edib, qəmli vaxtlarında isə sanki kədəri, ağrını ovundurmağa, soyutmağa qadir olub.

Azərbaycan ifaçılıq sənətinin ən qüdrətli sənətkarları - Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, o cümlədən, Keçəçi oğlu Məhəmməd, Zabul Qasım, Məşədi Məmməd Fərzəliyev, Seyid Şuşinski, Xan Şuşinski və bir çoxları “Qarabağ şikəstəsi”ni böyük məharət və şövqlə oxuyublar. Bunun nəticəsidir ki, Azərbaycanda məşhur xanəndələrimizin sayca çox az olan vallarına - Keçəçi oğlu Məhəmmədin (1912-ci il, Sport-Rekord, Varşava), Aşıq Abbasqulunun (1914, Sport-Rekord, Tiflis) vallarına başqa musiqi havaları ilə yanaşı, şikəstələr də daxil edilib. XX yüzillikdə və çağdaş dövrümüzdə yaşayıb-yaradan xanəndələrimiz də şikəstələrin mahir ifaçıları kimi məşhurlaşıblar.

Qeyd edək ki, Azərbaycan bəstəkarları ilk əsərlərini yaradarkən xalqı professional musiqiyə alışdırmaq, cəlb etmək məqsədilə xalq ruhuna daha yaxın olan musiqi nümunələrindən, janr və formalardan istifadə edib və bu mənada, məhz şikəstələr bəstəkar və tamaşaçı arasında bir növ vasitəçi rolunu oynayıb. Bunun əsas səbəbi o idi ki, məhz şikəstələr, hər bir azərbaycanlının milli duyumu, mənəvi aləminə çox doğma idi və hamının daxilən duyduğu, yaddaşına həmişəlik hopmuş, saf bir “segah” üstündə yoğurulmuş musiqi nümunələri idi. Şikəstələrin milli özəlliyini duyan və şikəstələrdən əsərlərində tapıntı kimi istifadə edən də bizim ölməz bəstəkarlar olmuşlar. Ü.Hacıbəyli “Əsli və Kərəm”, Z.Hacıbəyov “Aşıq Qərib”, R.M.Qliyer “Şahsənəm” və b. operalarına “Qarabağ şikəstəsi”ni daxil etmişlər.

“Qarabağ şikəstəsi”ndən danışarkən istər-istəməz daha bir qarabağlı - Xan Şuşinski yada düşür. Bu ad isə bizi bir daha gözəl Qarabağ torpağına, Şuşaya aparıb çıxarır. Xan Şuşinski bu torpaqda göz açmışdı. Bu torpağın suyundan, havasından udmuşdu, burada boya-başa çatmışdı. Təsadüfi deyildir ki, öz dövründə Qarabağ şikəstəsini onun qədər təsirli oxuyan olmamışdır. Xanın səsi Allahın Davud Peyğəmbərə bəxş etdiyi füsunkar səslə - “Ləhni Davud”la müqayisə edilirdi. Səsinin milli koloriti, milli çalarları var idi. O həm muğam və zərbi muğamların, xalq mahnılarının, eləcə də aşıq havalarının mahir ifaçısı idi. Xan Şuşinskinin ifa üslubunun özü bu bədii qovuşuqluğun təcəssümü idi. Özünün dediyinə görə, aşıqdan eşitdiyi “Apardı sellər Saranı” havasını, “Əlində sazın, qurbanı” və başqa havaları xanəndə ifaçılığına gətirən, ona yeni həyat verən də Xan idi.

Sonralar bir çox xanəndə və sazəndələr, müxtəlif müğənni və ifaçılar bu havanı oxuyub, ona yeni rəng, yeni nəfəs qatıb, öz yaradıcı möhürünü vurub. Son otuz ildə isə bu möhtəşəm musiqi nümunəsi yeni obraz, yeni məzmun çalarları, qəhrəmanlıq, mərdlik cizgiləri əldə edib. Müxtəlif təfsirlərlə, yeni interpretasiyalarla təqdim edilməklə “Qarabağ şikəstəsi” xalqın ruhunu təzələyib, həm ürəyini sazladıb, həm yaddaşını oyadıb, həm də mübarizəyə səsləyib, qələbəyə doğru aparıb. Qarabağın musiqi rəmzinə çevrilib. Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm qələbəsi isə bu havaya yeni məna qatıb. Artıq “Qarabağ şikəstəsi” - bu qədim yurdun zəfər himnidir. Ürəyimizin ən dərin qatlarından, neçə illərin həsrətindən qopan sədasıdır, Qarabağ mübarizəsinin qələbə akkordlarıdır: “Sən azadsan - Şuşa!”

....Uca dağ başında, sıldırım qayaların üstündə məğrur bir yurd görünür: sanki bir üzük qaşıdır, sanki bir baş tacıdır, sanki Uca Tanrının öz əli ilə çəkdiyi, xeyir-duası ilə yaratdığı, həm dahiyanə, həm də sadə - təbii bir gözəlliyin özüdür... Bizi keçmişimizə bağlayan, milli ruhumuzun rəmzi olan qədim Şuşadır.

Uzaqdan yenə də doğma bir səs gəlir - “Qarabağ şikəstəsi” havalanır. Bu dəfə isə oxuyan xalqımızın igid oğlu - qalib Azərbaycan əsgəridir. O qəhrəman ömrünün bütün yaşantılarını - torpaq itkisi, vətən həsrəti, mübarizəsi, qələbəsi... sevgisini səsinə qataraq hayqırır:

Əzizinəm, Qarabağ,

Şəki, Şirvan Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!!!!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub