DÜNYA
Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb
Bakı, 11 may, AZƏRTAC
Qazaxıstanda daşqınlardan zərər çəkən 20 mindən çox ailəyə dövlət tərəfindən birdəfəlik müavinət ödənilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, daşqınlardan zərər çəkən 20 min 601 ailəyə ümumilikdə 7,4 milyard tenqe (16,8 milyon dollar) vəsait ayrılıb. Ailələrin hər biri 369 min 200 tenqe (839 ABŞ dolları) məbləğində birdəfəlik müavinət alıb. Tələf olan mal-qara üçün dövlət yardımının həcmi isə 1,1 milyard tenqeni (2,5 milyon dollar) ötüb.
Eyni zamanda, evləri dağılan 130 ailəyə ev və ya mənzil verilib. Aktobe, Kostanay, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində daşqınlardan zərər çəkənlər üçün 239 yeni ev tikilir. Bundan əlavə, 568 ailə mənzillərinin təmiri və bərpası üçün 710 milyon tenqe (1,6 milyon dollar) kompensasiya alıb.
Qeyd edək ki, mart ayında qarların əriməsi ilə çayların səviyyəsinin qalxması səbəbindən Qazaxıstanın bir sıra regionları su altında qalıb. Təbii fəlakətin baş verdiyi rayonlardan 119 mindən çox insan təxliyə edilib. Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, indiyədək 54 mindən çox insan öz evlərinə qayıdıb.