CƏMİYYƏT
Quba şəhəri “Mültikulturalizmin Azərbaycan modeli” mövzusunda Beynəlxalq gənclər forumuna ev sahibliyi edir VİDEO
Quba, 16 iyul (AZƏRTAC, Elxan Yusifli). İyulun 16-da Qubada “Mültikulturalizmin Azərbaycan modeli” mövzusunda Beynəlxalq gənclər forumu öz işinə başladı.
AZƏRTAC xəbər verir ki, iyulun 20-dək davam edəcək forumda yerli gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı, 11 ölkədən 30-dan artıq əcnəbi gənc də iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən layihə “Bir cəmiyyət - müxtəlif mədəniyyətlər” devizi, “Çoxmədəniyyətli icmalarda gənclərin fəal sosial iştirakçılığı” çağırışı altında keçirilir.
Forumun proqramına plenar hissə ilə yanaşı, 4 panel müzakirəsinin aparılması, mədəniyyətlərarası dialoq sahəsində gənclərin əməkdaşlıq şəbəkəsinin qurulması, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.
Forumun Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində yerli gənclərlə yanaşı, rayon rəhbərliyi, Milli Məclisin deputatları və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Tədbirdə qeyd olundu ki, Azərbaycanda tolerantlıq, mədəniyyətlərarası dialoq hər zaman diqqət mərkəzindədir. Ölkəmizdə azsaylı xalqların nümayəndələrinə qarşı daim qayğı və hörmətlə yanaşıldığı diqqətə çatdırıldı.
Maariflənməni, təcrübə və informasiya mübadiləsini nəzərdə tutan layihə çərçivəsində keçirilən forumun sonunda Quba Bəyannaməsi qəbul ediləcək.
Forum iştirakçıları qarşıdakı günlərdə milli və etnik azlıqların icma nümayəndələri ilə görüşlər keçirəcəklər.