SİYASƏT
Qusarda keçirilmiş bayram tədbirinin iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu yüksək dəyərləndirmişlər
Qusar, 27 may (AZƏRTAC, Elxan Yusifli). Mayın 27-də Qusar Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə 96 il bundan əvvəl, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolu yüksək dəyərləndirilmişdir. Vurğulanmışdır ki, xalqımızın milli oyanış və dirçəlişinin məntiqi nəticəsi kimi meydana çıxan ilk respublika milli dövlətçilik ənənələrimizin əsasını qoymuş, gələcək müstəqilliyimiz üçün möhkəm zəmin yaratmışdır.
Çıxış edənlər XX əsrin sonunda xalqımızın yenidən öz müstəqilliyinə qovuşduğunu bildirmiş, dövlətçiliyimizin təhlükə ilə üzləşdiyi bir vaxtda xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığını, məhz Ulu Öndərin polad iradəsi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını, dünya dövlətləri arasında layiqli yer tutduğunu qeyd etmişlər. Vurğulanmışdır ki, müstəqil Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə öz yeni inkişaf dövrünü yaşayır.
Daha sonra "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti" adlı film nümayiş etdirilmişdir.
Tədbirin davamı olaraq axşam saatlarında Qusar şəhərinin mərkəzi meydanında bayram konserti təşkil olunacaqdır.