İDMAN
Raqif Abbasov: Avropa Çempionatının Təşkilat Komitəsinin Azərbaycandan üzr istəməsini tələb edirik
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Bu hərəkətlə Ermənistan tərəfi kobud şəkildə beynəlxalq idman qaydalarını pozub. Belə ki, hər hansı bir dövlətə bu və ya digər əhəmiyyətli yarış həvalə edilərkən həmin ölkə Beynəlxalq Olimpiya Komitəsi, həmin idman növünün beynəlxalq federasiyası qarşısında öhdəlik götürür. Bu öhdəliklərindən biri təhlükəsizliyin təminatıdır. Amma Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağına qarşı edilmiş hörmətsizlik təhlükəsizliyin bu ölkədə sıfır səviyyəsində olduğunun göstəricisidir. Digər tərəfdən alışdırıcı maddənin, yandırıcı əşyanın zala keçirilməsi onu göstərir ki, bu əvvəlcədən düşünülmüş bir hərəkətdir və bunu törədən şəxs rəsmi akkreditə olunmuş və yarışların təşkilatçılığına cəlb olunmuş şəxsdir. Bu, təfəkkür pozuntusunun əyani sübutudur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
“Baş vermiş hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb və qərar qəbul olunub ki, idmançılarımız Azərbaycana qayıtsınlar. Bundan əlavə, hesab edirəm ki, Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə müraciət etməli və bundan sonra Ermənistana beynəlxalq əhəmiyyətli yarışların keçirilməsinə icazə verilməməlidir. Çünki istisna deyil ki, eyni hərəkət növbəti dəfə də təkrarlanacaq. Azərbaycanda keçirilən bir çox yarışda erməni yığmaları iştirak edib. Onların təhlükəsizliyi təmin olunub, götürülmüş öhdəliklər yerinə yetirilib. Amma eyni yanaşmanı Ermənistan tərəfindən görmədik. Bu bir daha onu göstərir ki, bu gün Ermənistanda təşkilatçılıq çox aşağı səviyyədədir. Dünənki hadisə Ermənistan rəhbərliyinin, beynəlxalq mətbuatın gözü qarşısında baş verib, dünya televiziya kanalları bunu canlı görüb. Bu, böyük bir təxribatdır, biabırçılıqdır. Burada məsuliyyət Ermənistan dövlətinin, idman rəhbərliyinin, Ermənistan Ağırlıq Federasiyasının və Beynəlxalq Federasiyanın üzərinə düşür. Bundan başqa, Avropa Çempionatının Təşkilat Komitəsinin Azərbaycandan üzr istəməsini tələb edirik.
Dünən baş vermiş hadisənin tam əksi olaraq, Azərbaycanda keçirilən Avropa Çempionatı zamanı Prezident İlham Əliyevin simasında Azərbaycan dövlətinin idman yarışlarındakı mühiti də vurğulamaq istəyirəm. İndiyədək Azərbaycanda keçirilən yarışlarda, mükafatlandırılmalarda, açılış, bağlanış mərasimlərində iştirak zamanı bütün məsələlər, o cümlədən təhlükəsizlik məsələsi yüksək səviyyədə təmin olunub”, - deyə R.Abbasov bildirib.