İQTİSADİYYAT
RİNN Dünya bankı ilə birgə məlumatların idarə olunması strategiyasını hazırlayır
Bakı, 30 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hazırda Dünya Bankı ilə birgə məlumatların idarə olunması strategiyası üzərində iş aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə "InMerge Innovation Summit"də çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov deyib.
"Rəqəmsal infrastrukturun əsas aspektlərindən biri məlumat mübadiləsinə imkan verəcək infrastrukturdur. İstər yeni məhsulların hazırlanması, istərsə də mövcud məhsulların təkmilləşdirilməsi olsun hökumətin öz məqsədləri üçün istifadə edilməli olan məlumatları var. Biz məlumat mübadiləsini yalnız hökumətlə əlaqələndirməyə meyilliyik, lakin bu, ikitərəfli bir yoldur. Çünki bizneslərin də məlumatları var və onlar bunu paylaşmağa hazır olmalıdırlar”, - deyə o qeyd edib.
Nazir müavini hazırda Dünya Bankı ilə məlumatların idarə edilməsi strategiyasının hazırlanması üzərində işlədiyini qeyd edib: “Vurğuladığım bütün aspektlər ölkədə bu strategiyada öz əksini tapacaq", - deyə F.Əhmədov əlavə edib.