ELM VƏ TƏHSİL
Rusiya elmi jurnalında azərbaycanlı alimin məqaləsi dərc olunub
Moskva, 13 aprel, AZƏRTAC
Rusiyanın “Siyasi tədqiqatlar nəzəriyyələri və problemləri” elmi jurnalının növbəti nömrəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Ülkər Mehdiyevanın “Azərbaycan Respublikasının geomədəni brendinqində (VI Bakı Beynəlxalq Humanitar Forumunun timsalında) imic tədbirlərinin rolu” adlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının timsalında ərazinin mifoloji xarakteristikası, habelə müəyyən seqmentdə onun brendləşdirilməsi kimi geomədəni brendinqin mərhələləri nəzərdən keçirilib. Bu kontekstdə, müəllifin sözlərinə görə, Azərbaycan Respublikasının özünəməxsus vizit kartı, brendi olan Bakı Beynəlxalq Humanitar Forumunun fəaliyyəti araşdırılıb.
Məqalədə qeyd olunur ki, VI Bakı Humanitar Forumunun gündəliyində kreativ inkişaf vasitəsilə yeni dünya və yeni insanın formalaşdırılması problemləri dururdu. Xüsusilə, insan kapitalının inkişafı kontekstində təhsil və elm məsələləri müzakirə edilib. Müəllif Azərbaycanda təhsil sahəsində innovasiyaların inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. Bundan başqa, ölkə rəhbərliyi xarici vətəndaşların Azərbaycanın ali məktəblərində təhsil almaları üçün həmişə əlverişli şərait yaratmağa çalışıb.
Məqalə müəllifinin sözlərinə görə, Bakı Humanitar Forumu Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi andan həyata keçirdiyi ən uğurlu imic layihələrindən biridir. Öz miqyasına görə o, həmçinin Azərbaycan Respublikasında keçirilən Avroviziya-2012, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi tədbirlərlə bir sıraya düzülə bilər. Lakin sonuncularla bağlı, Azərbaycan onların öz ərazisində keçirilməsi imkanı uğrunda mübarizə aparmalı idisə, Bakı Humanitar Forumla bağlı vəziyyətdə hər şey başqa cürdür. Azərbaycan sadəcə forumun təşkilatçısı deyil, həm də onun təşəbbüskarıdır.
Ü.Mehdiyevanın sözlərinə görə, bu gün forum, zəmanəmizin qlobal problemlərinin müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələri tərəfindən çoxmədəniyyətli Azərbaycana xas olan tolerantlıq ruhunda müzakirə olunduğu aparıcı beynəlxalq elmi-siyasi platformasına çevrilib.
Məqalənin müəllifi Ülkər Mehdiyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur. 2015-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsində “Rusiya və Azərbaycan arasında sosial-mədəni əlaqələrin inkişafında Azərbaycan diasporunun rolu (2003-2010-cu illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Ü.Mehdiyeva - Rusiya Jurnalistlər Birliyinin və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva