RƏSMİ XRONİKA
RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç,
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə siyahısına Sizin başçılıq etdiyiniz “Yedinaya Rossiya” Partiyasının inamlı qələbəsi münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu qələbə Sizin yeritdiyiniz, dövlətçiliyin və ölkənin suverenliyinin möhkəmlənməsinə, cəmiyyətin həyatının bütün sahələrində demokratik dəyişikliklərə, beynəlxalq aləmdə Rusiyanın mövqelərinin və nüfuzunun möhkəmlənməsinə yönəlmiş xəttə rusiyalılar tərəfindən etimad göstərilməsinin və bu xəttin fəal dəstəklənməsinin daha bir parlaq sübutudur.
İnanıram ki, Rusiya xalqının seçkilərdə nümayiş etdirdiyi birlik, ölkənin aparıcı siyasi qüvvəsi olan “Yedinaya Rossiya” Partiyası ətrafında sıx birləşməsi Sizin nəzərdə tutduğunuz proqramların uğurla həyata keçirilməsi üçün etibarlı zəmin olacaqdır.
Əminəm ki, Azərbaycan və Rusiyanın dövlətlərarası münasibətlərinin, mehriban qonşuluğun və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin tərəqqisinə, regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına kömək edəcəkdir.
Hörmətli Vladimir Vladimiroviç, fürsətdən istifadə edərək Sizə dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Rusiya xalqına tərəqqi və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
3 dekabr 2007-ci il.