SİYASƏT
Rusiya XİN: İyunun 17-18-də Rusiyanın xarici işlər naziri S.Lavrovun Azərbaycana səfəri olacaqdır
Moskva, 5 iyun (AZƏRTAC). İyunun 17-18-də Rusiyanın xarici işlər naziri S.Lavrovun Azərbaycana səfəri olacaqdır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi A.Lukaşeviç iyunun 5-də bu ölkənin xarici siyasət idarəsində keçirilən brifinqdə demişdir.
Onun sözlərinə görə, səfərin proqramında ölkənin rəhbərliyi və Azərbaycanın xarici işlər naziri ilə danışıqlar nəzərdə tutulmuşdur. Danışıqlar zamanı tərəflər qarşılıqlı münasibətlərə dair geniş məsələləri müzakirə edəcək, regional və beynəlxalq gündəliyin əsas problemləri barədə fikir mübadiləsi aparacaqlar.
A.Lukaşeviç qeyd etmişdir ki, bu, cari ildə xarici siyasət idarələri rəhbərlərinin dördüncü görüşü olacaqdır. Rusiya XİN-in nümayəndəsi demişdir: “Azərbaycan Cənubi Qafqazda Rusiya Federasiyasının strateji tərəfdaşıdır. 2013-cü ildə ikitərəfli əmtəə mübadiləsinin həcmi 3,5 milyard ABŞ dollarından çox olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 4,0 faiz çoxdur. Rusiyanın ixracı 2,9 milyard ABŞ dolları, idxalı isə 0,64 milyard ABŞ dolları olmuşdur. Azərbaycan ilə xarici ticarət fəaliyyətinə Rusiya Federasiyasının 71 subyektindən 500-dən çox şirkətimizin müəssisələri cəlb edilmişdir. Hazırda Rusiya-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti, XVI iclasına hazırlıq gedir”.
Rusiya tərəfinin fikrincə, Rusiya subyektlərinin Azərbaycan ilə əməkdaşlığı birgə fəaliyyətin mühüm komponentidir və bu baxımdan iyunun 23-24-də Qəbələdə keçiriləcək V Rusiya-Azərbaycan regionlararası forumuna böyük ümidlər bəslənir. Həmçinin 2013-cü ilin avqustunda imzalanmış proqramın - 2015-ci ilədək Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında humanitar sahədə Əməkdaşlıq Proqramının həyata keçirilməsinin əhəmiyyətli olduğu qeyd edilmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva