SİYASƏT
Rusiyanın Murmansk vilayət Dumasının sədri həmvətənlərimizi təbrik etmişdir
Bakı, 7 may (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin Murmansk şöbəsinin ünvanına Murmansk vilayət Dumasının sədri Yevgeni Nikorun adından təbrik məktubu daxil olmuşdur.
Məktubda deyilir: “Qələbə Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm! Bu bayram əbədi olaraq dövlətimizin, mərd xalqımızın ləyaqət rəmzi kimi yaddaşlarda qalacaqdır. Bu gün biz Vətənimizin şanlı müdafiəçilərinin, Qələbə gününü yaxınlaşdırmaq üçün canlarından keçən qəhrəmanların xatirəsini yad edirik. Onların arasında sizin və bizim həmyerlilər - Azərbaycanda və Kola yarımadasında yaşayanlar da az deyildi. Onlar döyüş cəbhələrində fədakarlıqla vuruşmuş, arxa cəbhədə əmək rəşadəti göstərmişlər. Sizə sülh və firavanlıq arzulayıram!”
Qeyd edək ki, Murmansk vilayətində 25 mindən çox həmvətənimiz yaşayır. Onlar vilayət Duması sədrinin təbrik məktubunu səmimiyyətlə qarşılamışlar.