İDMAN
“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq
Bakı, 11 may, AZƏRTAC
“Bu qələbəni qazanmaya da bilərdik. Düşünürəm ki, oyunda şans bizim tərəfimizdə oldu”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan çempionatının pley-off mərhələsinin yarımfinalında “Xırdalan”a 81:62 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
63 yaşlı mütəxəssis heyətlə bağlı problemlərinin olmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiklərini bildirib: “Bəzi oyunçularımızın zədəsi var idi. Əsas basketbolçularımızdan Endər Poladxanlı və Əlikamran Məmmədov isə görüş zamanı yaranan qalmaqal səbəbindən meydandan qovuldular. Bütün bunlara baxmayaraq, nəticəyə görə yalnız sevincli olduğumu deyə bilərəm”.
Çalışdırıcının sözlərinə görə, rəqib komandanın oyunun gedişində hesabda önə keçməsi onlarda çaşqınlıq yaradıb: “Biz dominant basketbol göstərməyə, ən azı 20 xal fərqlə öndə oynamağa öyrəşmişik. “Xırdalan” taktiki gedişlərimizin qarşısını alırdı. Bizi yaxşı analiz etmişdilər. Sanki bu qarşılaşmada oyunçularımızda psixoloji gərginlik var idi. Bu, onların atışlarında da hiss olunurdu. Lakin sonradan toparlandıqları üçün komandama minnətdaram. Mayk Holtonu xüsusi qeyd etmək istəyirəm. Onun çıxışından çox razı qaldım. Uğur qazanmaq böyük fədakarlıq tələb edir. Amma uğura gedən yolda yıxılıb, yenidən qalxmaq ikiqat fədakarlıqdır”.
R.Kurtinaytis çempionluq şanslarını da dəyərləndirib: “Fikrimcə, şanslarımız 50/50-yədir. Yerli basketbolçulardan Endərlə Əlikamranın diskvalifikasiya edilməsi qarşıdakı matçlarda bizə müəyyən problemlər yaradacaq. Lakin müəyyən həmlələrlə onların boşluğunu doldurmağa çalışacağıq”.
Qeyd edək ki, ilk görüşdə də rəqibini 101:85 hesabı ilə üstələyən "Sabah" klubu adını finala yazdırıb.