REGİONLAR
Şabran rayonunda Padar avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı kilometrindən ayrılan Padar avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Şabran rayonunun Padar kəndinə gedən avtomobil yolunun uzunluğu 2500 metr təşkil edir. Yolun əsaslı şəkildə IV texniki dərəcəyə uyğun yenidən qurulması 600 nəfərin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edib.
Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.
Tikinti layihəsinə uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi və kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində genişləndirilmə, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb.
Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri yerlərdə müxtəlif diametrli dəmir-beton borular quraşdırılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolboyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılıb. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti ilə aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla, yük və sərnişin daşınmasını da asanlaşdıracaq.