CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı güzəştlər tətbiq ediləcək
Bakı, 3 mart, AZƏRTAC
Son illər ərzində ildə 700-800 uşaq övladlığa verilib. Lakin keçən il övladlığaverilmə sistemindəki dəyişiklik və keçid dövrü olduğuna görə övladlığa götürülən uşaqların sayı azalaraq 140-a enib.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatı zamanı çıxışında deyib.
Nazir müavini bildirib ki, ötən ilin noyabrın 1-dən indiyə qədər 400-dən artıq vətəndaş övladlığagötürmə ilə əlaqədar müraciət edib. Övladlığagötürülmə üçün hüquqi prosedurları tam qaydasında olan təxminən 40 uşaq var və onların yarısı sağlamlıq imkanları məhdud olanlardır. Hazırda ölkəmizdə olan müxtəlif müəssisələrdə min uşaq valideyn qayğısından kənarda qalıb. Valideynlər həmin uşaqlardan imtina ediblər, amma hazırda onların övladlığa götürülməsi üçün bəzi hüquqi addımlar atılmalı, həmin uşaqların övladlığa götürülməsinin mümkünlüyü üçün sənədlər qaydaya salınmalıdır.
Onun verdiyi məlumata görə, yeni altsistemin istifadəyə verilməsi bu sahədə mühüm irəliləyişlərə səbəb ola bilər. Nazir müavini qeyd edib ki, daha çox yaxın qohumlar övladlığagötürmə ilə əlaqədar müraciət edirlər və valideyn-namizədlər sağlam uşaqları övladlığa götürməkdə maraqlıdırlar: “Sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı güzəştlər tətbiq ediləcək. Gələcəkdə həmin uşaqların təhsil haqlarında güzəştlər nəzərdə tutulur və onların valideynləri üçün Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri də gündəmdə var. Bundan əlavə, onlara aylıq müavinətlər, bir çox sahələr üzrə həm uşağa, həm də valideyn-namizədə güzəştlər və dəstəkverici mexanizmlər nəzərdə tutulur”.