İQTİSADİYYAT
“Sahibkarlığın əsasları” mövzusunda təlim keçiriləcək
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində noyabrın 10-11-də “Sahibkarlığın əsasları” mövzusunda təlim keçirəcək.
ASK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, öz biznesini qurmaq istəyən xanımlara dərzi, bərbər, vizajist, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, tikiş, dizayner və başqa peşələr üzrə təlimlər keçiriləcək.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.
Yekunda təlimdə iştirak edən və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcək. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi (qrant) ayrılacaq.