CƏMİYYƏT
Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb
Bakı, 18 aprel, AZƏRTAC
Salyan regional “ASAN xidmət” mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə ötən il aprelin 18-də açılıb. Növbəti gün isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan mərkəz fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi bir il ərzində Salyan regional “ASAN xidmət” mərkəzində 178 min 500-dən çox vətəndaş müraciəti qeydə alınıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir. İki hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb.
Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edən mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsiplərinə və vətəndaş rahatlığına əsaslanıb.