CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Bərdədə və Ağdaşda vətəndaşları qəbul edəcək
Bakı, 2 mart, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 12-də saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Bərdədə Tərtər, Yevlax, Zərdab və Bərdə rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, elə həmin gün saat 11:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Ağdaşda Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların martın 10-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.