SİYASƏT
Səfir: İtaliya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək daha da dərinləşib
Bakı, 8 may, AZƏRTAC
İtaliya-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulub. Ötən illər ərzində ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək daha da dərinləşib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı açıqlamasında bildirib.
Azərbaycan xalqının İtaliyaya xoş münasibətinin olduğunu görməkdən məmnunluğunu dilə gətirən Ciampaolo Kutillo son bir neçə ildə əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi istiqamətində xeyli işlərin görüldüyünü vurğulayıb.
Diplomat bildirib ki, Bakı təmiz, təhlükəsiz və daim inkişafda olan şəhərdir. Bu da ona və ailəsinə bu illərdə xoş təəssüratlar bəxş edib. “Mənim Azərbaycanla bağım təxminən 10 il bundan öncə “Əli və Nino” əsəri ilə tanışlığım zamanı başladı. Azərbaycan haqqında səthi məlumatım olduğu həmin zamanlarda əsərin hər səhifəsini maraqla oxuyarkən, bir gün mənim Əli ilə Ninonun hekayəsinin başladığı, Bakının qədim mərkəzində - İçərişəhərdə yaşayacağım heç ağlıma gəlməzdi. Anadan olduğum Neapol şəhəri ilə Bakı şəhəri qardaşlaşıb və mən hələ tələbə olarkən - 1992-ci ildə Azərbaycan İtaliya ilə diplomatik münasibətlər qurub”.
Bu illər ərzində İçərişəhərin bir zamanlar dəvə karvanlarının keçdiyi küçələrini dəfələrlə və böyük məmnuniyyətlə yenidən kəşf etdiyini bildirən səfir Ciampaolo Kutillo neft və qaz sənayesi və digər sahələrdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.