SİYASƏT
Səfir Möhsün Pakayin: İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir
Bakı, 5 iyun (AZƏRTAC). İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir və uğurlu gələcəyə malikdir.
Bu sözləri İranın Azərbaycandakı səfir Möhsün Pakayin mətbuata açıqlamasında demişdir.
Diplomat ölkələrimiz arasındakı münasibətləri korlamağa cəhd göstərən qüvvələrin planlarının iflasa uğradığını söyləmişdir. Diqqətə çatdırmışdır ki, hər iki ölkənin rəhbərləri qarşılıqlı münasibətləri müdrikliklə davam etdirirlər.
Səfir demişdir: “Bizim müxtəlif ölkələr ilə dostluq meyarımız bəzi dövlətlər və qeyri-hökumət təşkilatlarının siyasi baxışından deyil, xalqın rəyindən ibarətdir. Azərbaycan Respublikası ilə münasibətlərin möhkəmlənməsini də xalqlarımızın istəyi hesab edirik”.
Möhsün Pakayin İran və Azərbaycan xalqlarının dərin mədəni köklərlə bağlı olduqlarını söyləmişdir. Səfir demişdir ki, mərhum Prezident Heydər Əliyev İran ilə dostluq münasibətlərinə önəm verirdi. Bu gün də Azərbaycan Respublikasında həmin siyasət davam etdirilir. İran rəhbərliyi də Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinə əhəmiyyət verir. Bununla bağlı iqtisadi planların icrası tədricən səmərəsini verəcəkdir. Biz gələcəkdə iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinin şahidi olacağıq.