MƏDƏNİYYƏT
SƏFİRLİYİN DÖVLƏT KİTABXANASINA HƏDİYYƏSİ
Səudiyyə Ərəbistanı Məlikliyinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Cəfər M.F.Axundov adına Dövlət Kitabxanasına müxtəlif elm sahələrinə, ərəb ölkələrinin tarixinə, coğrafiyasına aid, habelə məlik ailəsinə həsr olunmuş 900-ə qədər kitab hədiyyə etmişdir.
Bu münasibətlə təşkil olunmuş mərasimi kitabxananın direktoru Leyla Qafurova açdı.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan Prezidenti Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində mədəniyyətimizin inkişafında əldə olunmuş nailiyyətlərdən və onun beynəlxalq əlaqələrindən danışdı. O, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin Azərbaycanın mədəniyyət ocaqlarına köməyini yüksək dəyərləndirdi və dövlət kitabxanasına hədiyyəsinə görə Səudiyyə Ərəbistanı Məlikliyinin səfirinə təşəkkürünü bildirdi.
Cənab Əli Həsən Cəfər ölkələrimiz arasındakı əlaqələrdən söz açaraq, mədəniyyətlərimizin, adət-ənənələrimizin eyni kökə bağlı olduğunu söylədi. Xalqlarımızın mehriban dostluq və əməkdaşlıq münasibətlərindən danışan diplomat xüsusilə Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırladaraq, dövlətlərimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsində onun böyük əhəmiyyətini vurğuladı. Səfir bildirdi ki, onun ölkəsi Qarabağ problemi ilə bağlı Azərbaycanın haqq işini daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir.
Mərasimdə Misir Ərəb Respublikasının, İraq Respublikasının Azərbaycandakı səlahiyyətli səfirləri xanım Cihan Əmin Məhəmməd Əli, Qalib Əbdü Hüseyn Əl-Təmimi və başqaları da çıxış etdilər.
Sonra mərasim iştirakçıları hədiyyə edilmiş kitablardan ibarət sərgi ilə tanış oldular.