CƏMİYYƏT
Şəhid atası: Bu şəkillər bizə xatirə olaraq qaldı
Bakı, 10 oktyabr, AZƏRTAC
30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı 44 günə azad edən qəhrəman Vətən övladlarından biri də Vətən müharibəsi şəhidi Emil Sadıqzadədir.
Şəhidin atası Əziz Sadıqov AZƏRTAC-a bildirib ki, Emil uşaqlıqdan vətənsevər, mərd oğul kimi böyüyüb. Nümunəvi davranışı ilə ətrafındakı insanlara həmişə örnək olub. Xüsusi istedadı ilə də seçilən bu gənc Gəncə Musiqi Kollecində təhsil alıb.
Əziz Sadıqov deyir ki, sonuncu dəfə onunla telefonla danışmışıq: “Alaxançallı meşəsində olduqlarını dedi, bizə bir-iki şəkil göndərdi. Bu şəkillər bizə xatirə olaraq qaldı”.
Vətən müharibəsi başlayanda Xüsusi Təyinatlı Qüvvələrdə baş istehkamçı və kəşfiyyatçı kimi həqiqi hərbi xidmətdə olan Emil də mübarizəyə qoşulur. Həsrətində olduğumuz yurd-yuvalarımızın geri qaytarılmasında qəhrəmancasına döyüşür, rəşadət göstərir. 2020-ci il oktyabrın 15-də Füzuli istiqamətində gedən şiddətli döyüşlərin birində şəhidlik zirvəsinə ucalır.
Şəhidimiz doğulduğu Samux rayonunun Qovlarsarı kənd qəbiristanlığında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə Emil Əziz oğlu Sadıqzadə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Kəlbəcərin azad olunması”, “Xocavəndin azad olunması”, “Füzulinin azad olunması”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Vətənin azadlığı uğrunda canını qurban verən Emilin ailəsi hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidimizin ailəsinə Samux rayonunda yerləşən yeni yaşayış kompleksində 2 otaqlı, tam təmirli mənzil verilib. İndi həmin mənzili Emilin ailəsinə göndərdiyi fotoları bəzəyir.