İQTİSADİYYAT
Şəhid övladlarına İKT mövzusunda təlimlər keçirilib
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və "Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq İKT-də qızlar günü” adlı tədbir keçirilib.
İRİA-dan AZƏRTAC-a bildirilib ki, 8-14 yaş aralığında 30 nəfər şəhid övladının iştirak etdiyi tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnara Vəliyevanın açılış nitqi ilə başlayıb.
Tədbirin davamında “İKT nədir?”, ölkədə bu sahənin aktuallığı, texnologiyanın inkişaf yolu mövzusunda interaktiv təqdimatlar keçirilib, İKT sahəsində ən son trendlər, iş imkanları, gələcəyin peşələri istiqamətində danışılıb.
Eyni zamanda, “Technest” təqaüd proqramının top universitetlərə qəbul olmuş tələbələri uğur hekayələrini bölüşüb, iştirakçılara təklif və tövsiyələrini bildiriblər.
Tədbir çərçivəsində Agentliyin tərəfdaşları olan “Mars Academy” tərəfindən robotexnika, proqramlaşdırma sahələrinə dair maraqlı təlimlər, master-klaslar təşkil olunub.
Sonda “İrşad Electronics” tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “İKT-də qızlar günü” Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis olunub. “İKT-də qızlar günü”nün keçirilməsinin məqsədi qızları İKT sahəsinə cəlb etmək, bu sahədə onların rolunun artırılmasına dəstək verməkdir.