MƏDƏNİYYƏT
ŞEKSPİR QAYITMIŞDIR... RUS DRAM TEATRINDA YENİ TAMAŞA
Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı növbəti yeni tamaşa göstərmişdir: Uilyam Şekspir uzun fasilədən sonra Bakı səhnəsinə qayıtmışdır. Böyük ingilisin yaradıcılığının, eləcə də teatrın pərəstişkarları rejissor İranə Tağızadənin quruluşunda “On ikinci gecə” tamaşasına məmnuniyyətlə baxmışlar.
Bəri başdan deyək ki, tamaşa uğurlu olmuşdur. Tamaşaçılar ifaçıların məharətlə canlandırdıqları hər bir rejissor tapıntısını hərarətlə qarşılamışlar. Artistlərin hamısı yüksək peşəkarlıqla oynayaraq, həm müəllif ideyasını, həm də quruluşçı rejissorun niyyətini tamaşaçılara ustalıqla çatdırmışlar: səhnədə baş verən hadisələr Şekspir komediyasının bütün qanunlarına və bu janra xas vəziyyətlərə, oyun vasitələrinə tam uyğun idi. Bir sözlə, bütün aktyor ansamblı tərifə layiqdir.
Bununla belə, bəzi ifaçıları ayrıca qeyd etmək lazımdır. Malvolio rolunda Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya valehedicidir. Xalq artisti Natalya Tağıyeva isə kamerist Mariyanın rolunu özünə xas parlaqlıq və çılğınlıqla oynamışdır. Tamaşaçılar Yuri Omelçenkonun \ser Endrü\ oyununu layiqincə qiymətləndirmişlər. Azərbaycanın əməkdar artisti Ayan Mirqasımova komediyanın qəhrəmanlarından birinin - Oliviyanın rolunu uğurla ifa etmişdir. Ser Tobi rolunda Fuad Osmanovun, Viola rolunda Mədinə Mollayevanın, Sebastyan rolunda Fərid Tağıyevin də çıxışları xoş təsir bağışlamışdır.
Vladimir Neverovun və Çingiz Almazzadənin musiqi tərtibatı, Fuad Osmanov və Ayan Mirqasımovanın quruluşunda rəqslər tamaşaya xüsusi rövnəq vermişdir.