REGİONLAR
Siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunur
Bakı, 14 sentyabr, AZƏRTAC
Bu ilin payız mövsümündə payızlıq taxıl və çoxillik əkin sahələrində, eləcə də təbii bitki örtüyü və meyvə bağlarında siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti vəziyyətin ciddiliyini nəzərə alaraq fermerlərə, təsərrüfat subyektlərinə və vətəndaşlara preventiv mübarizə tədbirlərindən istifadə olunmasını tövsiyə edir.
Preventiv mübarizə həm payızlıq taxıl əkini sahələrinin vaxtında şumlanaraq normal bitki sıxlığının alınmasına yönəlmiş aqrotexniki tədbirlər sistemi, həm də gəmiricilərə qarşı aparılan mexaniki mübarizə üsuludur. Dövlət Fitosanitar Xidmətindən bildiriblər ki, sahələrin kənarındakı sirayətlənmiş mərzlər çizellənməklə siçanabənzər gəmiricilərin yuvaları dağıdılmalıdır. Bağ və yonca sahələrinə dondurma suyunun vaxtında verilməsi gəmiricilərlə qarşı səmərəli mübarizə üsuludur.
Əks təqdirdə vaxtında və düzgün aparılmayan tədbirlər siçanabənzər gəmiricilərin əkin sahələrində artımını sürətləndirəcək.