CƏMİYYƏT
Siyəzən rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb
Bakı, 4 iyun, AZƏRTAC
Mayın 31-də Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisində sürücü Yaşar Əliyev “Mercedes Benz” markalı 90-NH-489 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində avtomobildə olan sərnişinlərin - Larisa Lapinanın və Mövlüd Əmraslanovun hadisə yerində ölmələri, Nəzrin Hacıbalayevanın isə xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin Yaşar Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Y.Əliyev iyunun 3-də şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.