İQTİSADİYYAT
“SOCAR-Polymer”in əməkdaşları üçün yeni təlim kursları təşkil olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) və “SOCAR-Polymer” şirkəti arasında bağlanmış kadr hazırlığı haqqında müqaviləyə əsasən, yeni əməkdaşlığın əsasının qoyulması münasibətilə Sumqayıt Təlim Tədris Mərkəzində (TTM) tədbir keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, TTSİ-nin rəisi Fuad Süleymanov, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov və digər şəxslər dinləyiciləri ilk tədris günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, nəzəri, həmçinin praktiki bilik və bacarıqlarını daha da təkmilləşdirməyi tövsiyə ediblər.
“SOCAR-Polymer” şirkətinin əməkdaşları TTSİ-nin 3 təlim mərkəzində 5 ixtisas üzrə 6 aylıq və 1 illik kurs keçəcəklər. Ümumilikdə 83 nəfər olmaqla, Kadr hazırlığının təşkili mərkəzində 10 nəfər “təmirçi-çilingər”, Sumqayıt TTM-də 28 nəfər “aparatçı”, 10 nəfər “NÖC və avtomatika üzrə çilingər”, 13 nəfər “elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” , Qobustan Regional Tədris Mərkəzində 15 nəfər “aparatçı” və 7 nəfər “kimyəvi analiz laborantı” ixtisasları üzrə dinləyicilər kurslara cəlb ediliblər. Onlara ixtisas fənləri ilə yanaşı ünsiyyət səriştəsinin artırılması üçün 3 ay müddətinə texniki ingilis dilinin keçirilməsi nəzərdə tutulur.