İQTİSADİYYAT
Son 3 gündə 52 vaqon və 161 yük avtomobilində kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac olunub
Bakı, 24 iyun, AZƏRTAC
İyun ayının ilk ongünlüyündə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər ikitərəfli müzakirələrdən sonra tam aradan qaldırılıb. Belə ki, son 3 gündə - iyun ayının 21-dən 24-nə qədər pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52 vaqon və 161 yük avtomobili maneəsiz olaraq Azərbaycandan Rusiya Federasiyasına yola salınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracında heç bir problem müşahidə olunmur. Sadəcə əl yükləri ilə aparılan cüzi miqdarda kənd təsərrüfatı məhsullarının ixracına Rusiya Federasiyasının müvafiq orqanları tərəfindən qadağa qoyulub ki, buna səbəb də həmin məhsullara verilən müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır.