İQTİSADİYYAT
Statistika Komitəsinin əmək statistikası sahəsində təcrübəsi Daşkənddə müzakirə olunub
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əməkdaşı İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə avqustda Daşkənddə Özbəkistan Respublikasının statistika sahəsi üzrə mütəxəssisləri üçün “Əmək statistikası” mövzusunda təşkil olunan təlim kursunda iştirak edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, təlim kursunda Özbəkistan milli statistikasının sahə şöbələrinin, yerli statistika orqanlarının, kadrların hazırlığı və statistik elmi-tədqiqat mərkəzinin və əmək nazirliyinin 35 nəfər mütəxəssisi iştirak edib. Kursun əsas məqsədi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əmək statistikası sahəsində olan təcrübəsi və əldə edilmiş nailiyyətləri haqqında məlumatların verilməsi, bununla yanaşı layiqli əməyin beynəlxalq və milli səviyyədə hüquqi əsasları, göstəricilər sistemi, Beynəlxalq Əmək Təşkilatının işçi qüvvəsi ilə bağlı metodologiyası, əmək fəaliyyəti formaları, məşğulluq və tam istifadə olunmayan işçi qüvvəsi statistikasına dair beynəlxalq standartlar və onların milli səviyyədə tətbiqi imkanları, əmək ödənişi, işçi qüvvəsinə çəkilən xərclər və onun strukturu, işlənmiş iş vaxtının ölçülməsi, əmək xərcləri indeksinin metodologiyası və onun hesablanması, ümumilikdə beynəlxalq statistika sistemində əmək statistikasına dair qəbul edilmiş standartlar üzrə özbəkistanlı mütəxəssislərin bilik və təcrübələrinin artırılmasına kömək etmək olub.
Kursda iştirak edən özbəkistanlı mütəxəssisləri ölkəmizin milli statistika sistemində əmək statistikasına dair əldə olunmuş nailiyyətləri, o cümlədən onlayn rejimində mövcud olan hesabat formaları, metodologiyalar və digər əyani vəsaitləri ilə tanış edilib.