DÜNYA
Stoltenberq: NATO Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmalıdır
Bakı, 22 aprel, AZƏRTAC
Şimali Atlantika Alyansı Ukraynada davamlı müharibəyə hazırlaşmalı və Kiyevə uzunmüddətli dəstək mexanizmləri hazırlamalıdır.
AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə ABŞ-ın PBS televiziyasına müsahibəsində deyib.
“Biz uzunmüddətli müharibəyə hazır olmalıyıq. Buna görə də, təkcə qısavədəli deyil, həm də uzunvədəli dəstək yollarını nəzərdən keçirməliyik”, - deyə Yens Stoltenberq bildirib. Onun fikrincə, bu, Kiyevə yardımı daha “proqnozlaşdırıla bilən və etibarlı” edəcək və eyni zamanda, sülh danışıqlarına başlamaq imkanlarını yaxınlaşdıracaq.
“Bloomberg” agentliyinin bir müddət öncə yaydığı məlumata görə, Yens Stoltenberq alyansın iyul ayında Birləşmiş Ştatlarda keçiriləcək sammitində Ukraynaya beş il ərzində silah tədarükü üçün 100 milyard dollarlıq fondun yaradılmasını təklif edəcək. “Financial Times” qəzeti isə bunun ABŞ-a Kiyevə yardımı 60 milyard dollardan 16 milyard dollara endirmək imkanı verəcəyini yazıb.