REGİONLAR
Süd emalı sənayesinin dəstəklənməsi üzrə tədbirlər planı hazırlanacaq
Bakı, 10 sentyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Süd emalı sənayesinin dəstəklənməsi üzrə tədbirlər planının hazırlanması gözlənilir.
Bunu AZƏRTAC-a açıqlamasında Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının idarə heyətinin sədri Samir Eyyubov deyib.
Assosiasiya sədri bildirib ki, süd, qatıq, ayran, yumşaq pendirlər kimi sahələrdə süd emalı müəssisələrimiz daxili tələbatı ödəyir: “Ancaq iki məhsul var ki, onlardan asılılığımız 60-70 faizə bərabərdir. Bu, kərə yağı və bərk pendirlərdir. Südün ən çox istifadə olunduğu məhsullar da məhz bunlardır”.
Bir müddət öncə həm Kənd Təsərrüfatı Nazirliyində, həm də İqtisadiyyat Nazirliyində görüşlər keçirdiklərini xatırladan S.Eyyubov qeyd edib ki, danışıqlar zamanı mövcud çətinliklər və problemlər qaldırılıb, onların həlli yolları müzakirə olunub, tədbirlər planının hazırlanması gözlənilir.
Cins heyvanların daha məhsuldar olduğunu bildirən Assosiasiya sədri hazırda respublikada 55 min başa yaxın cins heyvanın bəslənildiyini deyib: “Növbəti illərdə onların sayı artacaqdır. Belə ki, işçi müqaviləyə əsasən, gələn il ölkəmizə daha 5 min baş cins heyvan gətiriləcək”.