CƏMİYYƏT
Sumqayıtda sanitar qaydalara nəzarət gücləndirilib VİDEO
Bakı, 9 may, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilməsinə nəzarət Sumqayıt şəhərində də gücləndirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə şəhər əhalisinin sanitar qaydalara əməl etməsi üçün polis, həmçinin Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlər davam etdirilir. Tədbirlər zamanı sərnişin avtobuslarında vətəndaşlarla izahedici söhbətlər aparılıb tibbi maskadan istifadə etməyin vacibliyi vurğulanıb. Sürücülərdən isə tibbi maskadan istifadə etməyən sərnişinləri avtobusa mindirməmək tələb olunub.
Polislər, həmçinin fəaliyyətinə icazə verilən mağaza və digər xidmət sahələrində vətəndaşlar, həmçinin satıcılarla maarifləndirici söhbətlər apararaq tibbi maska olmadan yaşayış yerini tərk edən şəxslərə xəbərdarlıq ediblər.
Maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən sanitar rejiminin tələbləri izah edilib, sosial məsafənin qorunması tələb edilib.
Mayın 9-da müvafiq tədbirlər zamanı polislər və Daxili Qoşunların hərbi qulluqçuları Sumqayıt şəhər sakinlərinə 3 min tibbi maska paylayıblar.
Daxili İşlər Nazirliyi vətəndaşlardan bir daha tələb edir ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda, avtobuslarda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsi saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən olunan qaydalara ciddi riayət edilməlidir.