MƏDƏNİYYƏT
Şuşada Türk dünyası memarlarının simpoziumu keçirilir
Şuşa, 24 noyabr, Səadət Hakıyeva, AZƏRTAC
Noyabrın 24-də Şuşada Türk dünyası memarlarının simpoziumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunan simpoziumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memar Şuşada aparılan və nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, tarixi mühitin abadlaşdırılması mövzularında müzakirələr aparacaq, təqdimatla çıxış edəcəklər.
İki gün davam edəcək “Türk dünyası memarlarının Şuşa simpoziumu” adlı tədbirdə “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri aparılacaq.
Simpozium öz işinə noyabrın 25-də yekun vuracaq.