İQTİSADİYYAT
Susay-Xınalıq avtomobil yolunun tikintisi davam etdirilir
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 24 kilometr uzunluğa malik Alpan-Kürkün-Susay avtomobil yolunun tikintisi ötən il yekunlaşdırılıb. Hazırda isə bu yolun davamı olaraq 30 kilometr uzunluğunda Susay-Xınalıq avtomobil yolunun tikintisi aparılır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək.
Layihəyə əsasən, Susay-Xınalıq marşrutu üzrə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa olunub. Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilib və çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilib.
Hazırda yol profilə salınır və yeni yol əsası inşa olunur. Əsasın tikintisi üçün lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə edilir. Yol əsası hazır olan hissələrə isə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir, sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin tikintisi aparılır.
Qeyd olunub ki, tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə görülür.
Ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək yeni avtomobil yolunun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasını xeyli yaxşılaşdıracaq.
Bundan başqa, yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.