DÜNYA
Tacikistan Dövlət Bayrağı Gününü qeyd edib
Düşənbə, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Tacikistanda Dövlət Bayrağı Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Tacikistan Prezidenti Emoməli Rəhmon, hökumət və parlament üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, habelə paytaxt sakinləri iştirak edib.
Emoməli Rəhmon bu münasibətlə Milli Bayraq Parkına toplaşanları təbrik edib, müstəqillik illərində əldə olunan uğurlardan danışıb. Dövlət başçısı deyib ki, dövlət bayrağı tacik xalqı üçün vətənpərvərlik, fəxr, qəhrəmanlıq və şücaət simvoludur. Prezident qeyd edib ki, 165 metrlik Tacikistan bayrağı hündürlüyünə görə dünyada ikinci yeri tutur və “Ginnesin rekordlar kitabı”na düşüb.
Bayram münasibətilə Düşənbədə və ölkənin vilayətlərində mədəni və idman tədbirləri keçirilib, teatrlaşdırılmış şoular nümayiş etdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə