İDMAN
TAEKVONDOÇULARIMIZ HƏRBÇİLƏRİN DÜNYA ÇEMPİONATINDA İLK MEDALLARI QAZANMIŞLAR
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, çempionatda Azərbaycanı 12 taekvondoçu – Vüqar Kərimov (54 kq), Babək İsgəndərov (58 kq), Sənan Haşımov (62 kq), Niyaməddin Paşayev (67 kq), Rəşad Əhmədov (72 kq), Fəğan Umudov (78 kq), Vüqar Məcidov (84 kq), Fətulla Musayev (84 kq-dan yuxarı), Nigar Qasımova (51 kq), Mətanət Həsənova (59 kq), İradə Butdayeva (63 kq) və Alina Abdulqədriova (67 kq) təmsil edirlər.
İdmançılarımızdan dördü çıxışlarını başa çatdırmışdır. Niyaməddin Paşayev bürünc medal qazanmışdır. 1/8 finalda o, Şri-Lanka idmançısını, 1/4 finalda iranlı Ümid Qulamzadəni məğlubiyyətə uğratmış, lakin finala vəsiqə uğrunda görüşdə almaniyalı Ərdal Aylanca uduzmuşdur. Yeri gəlmişkən, 67 kiloqram çəki dərəcəsində Ərdal çempion olmuşdur.
Vüqar Məcidov ilk görüşdə Kanada nümayəndəsinə qalib gəlsə də, növbəti görüşdə Von Çul Çoya (Koreya Respublikası) uduzmuşdur.
Taekvondoçu qızlarımız 2 medal qazanmışlar. Mətanət Həsənova yarımfinalda amerikalı Lesli Counsu məğlubiyyətə uğratmış, lakin həlledici görüşdə rusiyalı Olqa Mixalevaya uduzaraq, ikinci yeri tutmuşdur.
İradə Butdayeva rusiyalı Ruslana Xairovaya və amerikalı Yelena Pisarenkoya uduzaraq, bürünc medala layiq görülmüşdür.
Avqustun 13-də axşam çempionatda 54 kq və 62 kq çəki dərəcələrində görüşlər keçirilmişdir. İlkin mərhələdə Vüqar Kərimov Lesoto, Sənan Haşımov isə Suriya idmançıları ilə qarşılaşmışlar.
Çempionat avqustun 16-da başa çatacaqdır.