SİYASƏT
Tahir Budaqov: Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik və həmrəylik nümayiş etdirir
Bakı, 3 mart, AZƏRTAC
Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunda dövlətçiliyin gücləndirilməsi mühüm prioritetlərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Heydər Əliyev İli” çərçivəsində, “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda martın 3-də keçirilən konfransda deyib.
Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin milli maraqlara, modern çağırışlara və qlobal tendensiyalara adekvat islahatlar proqramı bərabər imkanlara və plüralizmə əsaslanan siyasi sistemin təkmilləşməsinə, dialoq prosesinin dərinləşdirilməsinə, çoxpartiyalı siyasi sistemin inkişafına xidmət edir. Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik və həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar.
“44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri və postmünaqişə mərhələsində ümummilli məsələlərdə ortaq mövqedən çıxış etmələri bu reallığın bariz nümunəsidir”, - deyə YAP Sədrinin müavini qeyd edib.