İQTİSADİYYAT
TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 75 faizi tamamlanıb
Bakı, 13 mart, Nihad Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 75 faizi tamamlanıb.
AZƏRTAC “www.aljazeera.com”a istinadla xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
S.Düzyol qeyd edib ki, TANAP boru kəməri iki fazada inşa edilir. Faza-0 (yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər) çərçivəsində 56 düym diametrində və təxminən 1334 kilometr uzunluğundakı boru kəməri ilə yanaşı, 2 ədəd ölçmə stansiyası, 1 ədəd ana xətt və 1 ədəd kompressor stansiyasının, eləcə də çoxlu sayda blok klapan və digər stansiyaların tikintisi həyata keçirilir. Faza-0 çərçivəsində tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca icra edilir. 2018-ci il iyunun sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” və Türkiyəyə təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Faza-1 (2019-ci ilin sonunda Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlər) adlandırılan hissə isə 48 düym diametrində yerüstü boru kəməri, iki ədəd ölçmə stansiyası və 36 düym diametrindəki qoşa boru xəttindən ibarət olan Çanaqqala boğazından keçən sualtı hissədən ibarətdir.
“Yayda çox böyük bir gəmi gətiriləcək. Bu gəmi üzərində əvvəlcədən istehsalı tamamlanmış və beton zərflə örtülmüş boruların müəyyən miqdarını saxlaya biləcək, avtomatik qaynaq, müayinə və boruları dənizə endirməyə imkan yaradacaq, habelə dənizdəki axıntıya qarşı dayana biləcək. Bu gəmi vasitəsilə boru kəmərinin Çanaqqala boğazından keçən hissəsinin 2017-ci ilin yay aylarının sonunda tamamlamağı planlaşdırırıq. Bu, 36 düym diametrdə və 18 kilometr uzunluğunda qoşa boru xətti olacaq. Avropaya qaz nəqli isə TAP layihəsinin icrasından asılı olaraq 2020-ci ildə başlayacaq: “Biz TANAP-ı daha tez bitirməyi və 2019-cu ilin ortalarında Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirməyi planlaşdırırıq. Lakin “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan TAP-ın biz nəzərdə tutduğumuz tarixdə hazır olacağını nəzərdə tutmuruq. Hazırda Türkiyənin təbii qazı ala bilməsi üçün lazımlı Faza-0 mərhələsinin 75 faizi tamamlanıb. Faza-1 ilə birgə isə ümumilikdə TANAP üzrə işlərin 65 faizi görülüb.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1600 kilometrdən çox uzunluqda xəndək qazılıb. Boru kəmərinin 56 düym diametrli və ümumilikdə 1334 kilometr uzunluğundakı ilk üç lotu üzrə xəndəyin qazılması artıq yekunlaşıb. Bu vaxtadək TANAP-ın 4 lotu üzrə təqribən 1450 kilometr borular marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1360 kilometr uzunluğunda boruların qaynağı tamamlanıb.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.