ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi 300 məktəbdə monitorinq aparıb
Bakı, 14 dekabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən 300 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, monitorinqin məqsədi ümumi təhsil müəssisələrində giriş-çıxış və sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyəti, koronavirusa qarşı aparılan operativ nəzarət və maarifləndirmə, xəstəlik daşıyıcıları ilə bağlı görülən tədbirləri yoxlamaq olub. Eyni zamanda, yeməkxana, kitabxana, idman zalı və məktəbdaxili infrastrukturdan istifadəyə dair tələblərə əməl olunma səviyyəsinə baxılıb.
Məktəblər üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən müəssisələrdə bu istiqamətdə işin daha yaxşı təşkili ilə bağlı tövsiyə və göstərişlər verilib.
Qeyd edək ki, monitorinq təhsil nazirinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.