ELM VƏ TƏHSİL
TƏHSİLDƏ KEYFİYYƏTİN TƏMİNATI İLƏ BAĞLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 10-da Azərbaycan Dillər Universitetində (ADU) “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbir Təhsil Nazirliyi, ADU, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyası ilə birgə təşkil olunmuşdu.
Azərbaycanın ali təhsil müəssisələri rəhbərlərinin, təhsil işçilərinin və xarici dövlətlərin respublikamızdakı diplomatik korpusu nümayəndələrinin iştirak etdikləri konfransda universitetin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, professor Səməd Seyidov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti haqqında məlumat vermiş, mövzunun əhəmiyyətini vurğulamışdır. Rektor respublikamızın təhsil sisteminin Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 2 ildir Belçikanın ali təhsil ocaqları ADU və Təhsil Nazirliyi ilə birgə layihə həyata keçirirlər. Layihəyə əsasən, universitet əməkdaşlarının və Təhsil Nazirliyinin nümayəndələri Belçikada keçirilən birgə konfranslarda, seminarlarda iştirak etmiş, fikir mübadiləsi aparmışlar.
Təhsil naziri Misir Mərdanov təhsilimizin Avropa təhsil sisteminə inteqrasiya olunması istiqamətində görülən işlərdən bəhs etmiş, ali təhsilin inkişafı ilə bağlı fikir və mülahizələrini bildirmişdir.
Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, professor Jan De Groof cəmiyyətin inkişafında təhsilin, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında ali məktəblərin müstəsna rolunu vurğulamışdır.
Sonra “Bolonya prosesi və Türkiyənin təcrübəsi”, “Bolonya tələbləri çərçivəsində universitetlərin xarici qiymətləndirilməsinin əsas meyarları” “Bolonya prosesinə inteqrasiyanın tələbləri” və s. mövzularda məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.