REGİONLAR
Tələbə-gənclər hərbi hissədə olublar
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bir qrup tələbə-gənc Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrindən birində əsgər və zabitlərlə görüşüb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, şəxsi heyətin sosial-məişət şəraiti, əsgər yataqxanası və yeməkxanası, eləcə də Təlim-Tədris Mərkəzi ilə tanış olan zaman tələbə-gənclərə ətraflı məlumat verilib. Bildirilib ki, şəxsi heyətin nümunəvi xidməti üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb.
Şəxsi heyətin sosial-məişət şəraiti ilə yanaşı, silahlanmada mövcud olan silah və texnikalar, o cümlədən zirehli döyüş maşınları, avtomobil texnikaları, top və minaatanlar, hava hücumundan müdafiə və tank əleyhinə vasitələr, snayper tüfəngləri və müxtəlif atıcı silahlarla tanış olan gənclər hərbi vasitələrə maraqla baxıblar.
Tədbirin bədii hissəsində Kəngərli Rayon Mədəniyyət Şöbəsinin “Kəngər” instrumental ansamblının kollektivi konsert proqramı ilə çıxış edib, tələbə-gənclər və əsgərlər rəqs edərək əyləniblər.
Sonda qonaqlar şəxsi heyətlə birgə nahar ediblər.