RƏSMİ XRONİKA
TÜRK ŞƏHİDLƏRİNİN XATİRƏ ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül həmin gün türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etmişdir.
Türkiyə dövlətinin başçısına məlumat verildi ki, 1918-ci ildə Bakıda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş 1130 türk əsgəri burada dəfn olunmuşdur. Abidənin inşasında türk və azərbaycanlı memarlar birlikdə çalışmışlar.
Şəhidlik kitabəsində qardaş Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuşdur. 2000-ci ildə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə abidənin açılış mərasimi olmuşdur. Azərbaycanın daha 5 bölgəsində şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılmışdır.
Prezident Abdullah Gül abidənin önünə əklil qoydu. Şəhid türk əsgərlərinin xatirəsini ehtiramla yad edən Türkiyənin dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazdı.