DÜNYA
Türkiyə, İraq, Qətər və BƏƏ “İnkişaf Yolu” layihəsi üçün səylərini birləşdirəcək
Ankara, 22 aprel, AZƏRTAC
Türkiyə, İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri Bəsrə körfəzindən Türkiyə sərhədinə qədər uzanacaq “İnkişaf Yolu” adlı nəqliyyat və ticarət layihəsi üçün səylərini birləşdirəcək.
AZƏRTAC xəbər verir ki, müvafiq Anlaşma Memorandumu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bağdad səfəri çərçivəsində dörd dövlətin nümayəndələri tərəfindən imzalanıb.
Layihənin əhəmiyyətindən danışan Türkiyə Prezidenti bu təşəbbüsün sadəcə Türkiyə ilə İraqa xidmət etmədiyini, ümumilikdə regionda ticarətin inkişafına mane olan süni əngəllərin aradan qaldırılmasına təkan verəcəyini deyib.
“Əminəm ki, “İnkişaf Yolu” layihəsi bölgəmizdə sabitliyə və inkişafa da ciddi təkan verəcək”, - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Yeni İpək Yolu adlandırılan bu layihə Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəni əhatə edəcək. Belə ki, Şərqi Asiya və Fars körfəzindən İraqın cənubunda inşa edilən Fav limanına daşınacaq yüklər daha sonra qatar və yük maşınları ilə 1200 kilometr məsafə uzaqlıqdakı Türkiyə sərhədinə, oradan isə Avropaya daşınacaq. Beləliklə, yükdaşımaların müddəti qısalacaq, nəqliyyat xərcləri azalacaq.
Üç mərhələdən ibarət olan bu layihənin ilk mərhələsi 2028-ci ildə yekunlaşacaq. Tam istifadəyə verilməsi isə 2050-ci ilə qədər planlaşdırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara