ELM VƏ TƏHSİL
Türkiyəli qonaqlar Ədəbiyyat Muzeyindən xoş təəssüratla ayrılıblar
Bakı, 22 aprel, AZƏRTAC
Türkiyədən Azərbaycana gəlmiş bir qrup turist Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət müşavirliyinin xətti ilə təşkil olunmuş səfər çərçivəsində muzeyi ziyarət edən turistlər klassik və müasir Azərbaycan ədəbiyyatının sərgiləndiyi ekspozisiya zalları ilə tanış olub, həm Azərbaycan ədəbiyyatı, həm də muzeyin yaranma tarixi haqqında məlumat əldə ediblər.
Qonaqları muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi Gülnar Əqiq və Ekspozisiya şöbəsinin elmi işçisi İnarə Səfiyeva müşayiət ediblər. Onları Türk dünyasının ana kitabı sayılan “Kitabi-Dədə Qorqud” dastanının dünyada tapılması və tədqiqinə, Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı ilk tükcə-ərəbcə sözlük olan “Divanü lügat-it türk”, Yusif Xas Hacibin “Kutadqu-bilik” kimi türk xalqlarının yaratdığı ədəbi abidələrə həsr olunmuş ekspozisiya guşələri ilə qonaqları tanış ediblər.
Muzeyin mütəfəkkir şair Mövlana Cəlaləddin Rumiyə, XIII-XIV əsrin sufi şairi Yunus Əmrəyə, İslam dünyasının böyük alimi Nəsirəddin Tusiyə həsr olunmuş ekspozisiya zalları, xüsusilə Yunus Əmrə ilə Molla Qasım Şirvani haqqında xalq arasında dolaşan rəvayət ziyarətçilərin böyük marağına səbəb olub. Müasir dövr Azərbaycan ədəbiyyatına həsr olunmuş ekspozisiya zallarını gəzən qonaqlar Türkiyədə Tənzimat dövrü adlandırılan XIX əsrdə Azərbaycan mədəniyyətinə dair faktları, o cümlədən teatrın, müsəlman Şərqində ilk operanın yaranması haqqında məlumatları maraqla qarşılayıblar.
Sonra “İstiqlal” zalında muzeyin direktoru akademik Rafael Hüseynovla qonaqların görüşü keçirilib.
Akademik Rafael Hüseynov qonaqlara “İstiqlal” zalının tarixçəsi barədə, bu möhtəşəm salonun vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının öz iclas və görüşlərini keçirdikləri məkan olduğu haqqında məlumat verib. O, Azərbaycan ədəbiyyatının qədim və zəngin tarixini özündə əks etdirən bu muzeydə bir çox eksponatın özəl bir tarixə malik olduğunu söyləyib.
Direktor Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun muzeydə sərgilənən məzar daşının da belə eksponatlardan biri olduğunu qeyd edib. Akademik Rafael Hüseynov Fransada mühacir həyatı yaşamış bu görkəmli diplomatın Parisin Sen-Klu qəbiristanlığında yerləşən məzarının aşkar edilərək Azərbaycan dövləti tərəfindən təmir etdirildiyini, qəbirüstü abidəsinin qoyulduğunu, əvvəlki məzar daşının isə bu böyük şəxsiyyətdən yadigar kimi muzey rəhbərliyinin təşəbbüsü ilə Fransadan Bakıya gətirildiyini və Ədəbiyyat Muzeyinin ekspozisiyasında nümayiş etdiridiyini bildirib.
O, bütün Türk dünyasını birləşdirən ortaq dəyərlərdən birinin də mədəniyyət və ədəbiyyatın olduğunu söyləyərək Türkiyə ilə Azərbaycan arasında gündən-günə sıxlaşan ədəbi-mədəni əlaqələrin bu baxımdan əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda Türkiyə səfirliyinin Mədəniyyət müşavirliyinin nümayəndəsi və digər qonaqlar maraqlı ekskursiyaya və xoş münasibətə görə minnətdarlıqlarını bildiriblər.
Türkiyəli qonaqlar “Rəy kitabı”nda muzey haqqında ürək sözlərini yazıblar.