İDMAN
U-10 Liqasının 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşib
Bakı, 2 may, AZƏRTAC
AFFA-nın təşkil etdiyi futbol üzrə U-10 Liqasının 2018-2019-cu il mövsümünə yekun vurulub.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, “ASCO Arena”da keçirilən final oyununda “Sabah” və “Neftçi” komandaları qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən “Sabah” 2018-2019-cu il mövsümünün qalibi olub. Üçüncü yeri “Qarabağ” komandası tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev təqdim ediblər.
“Fair play” mükafatı “Neftçi”nin üzvü Rüstəm Hüseynliyə təqdim olunub. Ən yaxşı qapıçı Akif Allahverdiyev (“Sabah”), ən yaxşı oyunçu isə Ramin Abıyev (“Neftçi”) seçiliblər. Mövsüm ərzində rəqib qapılarından 67 top keçirən “Şirvan” komandasının üzvü Ədalət Hüseynov ən məhsuldar oyunçu olub.