SİYASƏT
ÜAK-ın regional bölməsinin icraçı direktoru Moskva vilayətinin tikinti kompleksi nazirindən minnətdarlıq məktubu alıb
Moskva, 13 avqust (AZƏRTAC). Rusiyadakı Azərbaycan diasporu günbəgün inkişaf edir. Diasporun nümayəndələri yerli əhalinin gözündə ölkənin imicini yaxşılaşdırırlar. Ayrı-ayrı şəxslər sayəsində əvvəlcə diaspor, daha sonra ölkə və xalq barəsində müsbət rəy formalaşır.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Moskva vilayəti üzrə regional bölməsinin icraçı direktoru Araz Mürsəliyev rusiyalıların gözündə müsbət azərbaycanlı obrazı formalaşdıran diaspor nümayəndələrindən biridir.
Qeyd edək ki, ÜAK-nın regional bölməsi təkcə vilayətdə yaşayan azərbaycanlılara deyil, həm də yerli əhaliyə kömək edir. Domodedovanın Azərbaycan diasporu cəmiyyətin iqtisadi, siyasi və sosial həyatına fəal cəlb olunub, şəhərin abadlaşması və çiçəklənməsi üçün çox işlər görür. Şəhərin rəhbərliyi diasporun ayrı-ayrı nümayəndələrini, o cümlədən ÜAK-nın Moskva vilayəti üzrə rayon bölmələrinin rəhbərlərini səmərəli fəaliyyətə görə dəfələrlə müxtəlif diplom və fəxri fərmanlarla təltif edib.
Növbəti dəfə mükafatlar İnşaatçılar Günü münasibətilə təqdim olunub. Peşə bayramı ilə əlaqədar “PKF “Günay” Məhdud Məsuliyyətli Cəmiyyətin kommersiya direktoru Araz Mürsəliyev çoxillik səmərəli fəaliyyətinə və Moskva vilayətinin inşaat kompleksinin inkişafına böyük töhfəsinə görə Moskva vilayətinin inşaat kompleksi naziri Marina Oqloblinanın minnətdarlıq məktubunu alıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva